60 dəqiqəlik qaranlıqlar şəhəri Bakı - FOTOLAR

24 Mart 2013 07:35 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu problemlərlə mübarizədə hər il mart ayının sonunda Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən təşkil edilən "Yer saatı" ("Earth Hour") aksiyası çərçivəsində müxtəlif ölkələrdə yaşayan milyonlarla insan birləşərək 1 saatlıq elektrik enerjisindən istifadəni dayandırırlar.

AzərTAc -da verilən məlumata əsasən , "Yer saatı" aksiyasının Azərbaycan üzrə rəsmi tərəfdaşı olan IDEA Kampaniyası və "Earth Hour Azerbaijan" cari ildə də Bakı şəhərində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə müxtəlif maarifləndirici tədbirlər keçirib.

Dünən yerli vaxtla saat 20:30-da Bakı şəhərinin simvolu olan Qız qalasının qarşısında start götürən aksiya çərçivəsində Alov Qüllələri, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi, o cümlədən şəhərimizin digər 10-a yaxın müasir və tarixi binalarının fasadının, bəzi otellərin və alış-veriş mərkəzlərinin işıqlandırılması bir saat müddətində dayandırılıb.

Aksiya çərçivəsində 200-ə yaxın gəncin iştirakı ilə müxtəlif ekoloji fəaliyyətləri özündə birləşdirən tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər qlobal aksiyanın ölkəmizdə yaranma tarixi və əhəmiyyəti haqqında məlumat vermişlər. Bildirilmişdir ki, aksiyanın məqsədi ekoloji problemlər ilə mübarizədə ictimaiyyətin rolunu artırmaqdır. Cəmiyyətin diqqətini enerji sərfiyyatının və təbii resursların qənaətinə yönəltməkdir.

Qeyd olunmuşdur ki, "Yer saatı" aksiyası IDEA Kampaniyasının fəaliyyətinin bir neçə istiqaməti ilə eynilik təşkil edir. Çünki karbon tullantılarının azaldılması kampaniyanın fəaliyyət istiqamətlərindən biridir.

Diqqətə çatdırılıb ki, "Yer saatı" aksiyası dünyada ilk dəfə 2007-ci ildə Sidney şəhərində keçirilmiş və təxminən 2.2 milyon insanı əhatə etmişdir. Hazırda "Earth Hour" şəbəkəsi ilə əməkdaşlıq edən ölkələrin sayı 150-dən, iştirakçı şəhərlərin sayı isə 6900-dən çoxdur. Ötən ildən "Yer saatı" aksiyasına qoşulan IDEA Kampaniyası 2011-ci il iyul ayının 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.

Aksiya çərçivəsində gənclər "60+" adlı flaşmöb keçirmiş, işıqların söndürüldüyü 60 dəqiqə müddətində musiqi sədaları altında müxtəlif rəqsləri nümayiş etdiriblər.

Aksiya şəhərimizin qonaqları və sakinləri tərəfindən maraqla qarşılanıb.

AzNews.az