Baş Prokurorluq, DİN və DTX Elmar Vəliyevə sui-qəsdlə bağlı birgə məlumat yaydı

3 İyul 2018 23:56 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi xidmətinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunub.

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri barədə əlavə məlumat veriləcək.

Həyata keçirilən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.