ABŞ İstiqlaliyyəti bəşəriyyətə nə verdi?

4 İyul 2018 09:53 (UTC+04:00)

Hər şeyi tamamilə bir tərəfə qoyuram, sanki iki əsr bundan əvvəl Tanrı ziyasını okeanın o biri tərəfindəki bu​ ölkəyə və onun insanlarına yönəltmişdi – hadisənin möhtəşəmliyi bir tərəfə, onu gerçək edən nə qədər böyük və bəşəriyyət üçün örnək ola biləcək simalar yetişdi...

Hələ onu da demirəm ki, ABŞ qədim Afinadan sonra demokratiya tarixində ikinci böyük səhifə idi. Elə mənim ağlıma gələn fikir də bu konteksdədir. Bir vaxtlar, müstəqilliyin ilk illərində insanlarımız “Demokratiya bizə nə verəcək? Onu milli ideyaya çevirmək lazımdırmı?” kimi suallar verməyi xoşlayırdılar. Sonradan belə suallar azaldı; ya insanların demikratiya ilə bağlı tərəddüdləri aradan qalxdı, ya da ki, bu ideya insanlarımız üçün aktuallığını itirdi...

Amma o vaxt bu suallara “Demokratiyanın nə verə biləcəyini, hansı möcüzələr yaradacağını bilmək istəyirsinizsə, ABŞ-a baxın!” - deyə, cavab verirdik.

Elə indi də bu fikirdəyik. Baxmayaraq, nəinki Azərbaycanda, hətta dünya çapında Amerika təcrübəsi, xüsusən də okeanın o tayındakı nəhənglə bağlı geopolitik şübhə və tərəddüdlər insanları tərk etmir.

ABŞ-ın dünya siyasətindəki rolu, monopolyar və yaxud bipolyar dünya ilə bağlı analiz və araşadırmalar günümüzün siyasi palitrasında ən çox çözülən və çəkçevir edilən problemdir.

Və bir vaxt özüm üçün kəşf etdim ki, Amerikanı və amerikalıları dünyada elə də sevmirlər, hətta cahanda amerikafobiya kimi bir tendensiya da sezilməkdədir.

Yadıma gəlir, kiçik Buşun hakimiyyəti illərində hərdən ölkələrin, ən əsası da ABŞ-ın reytinqilə bağlı sorğular dərc olunurdu. O sorğularda qəribə tendensiya duyulurdu; İsraili və bir neçə ölkəni çıxmaq şərtilə Amerikanı sevən, ona həqiqətən rəğbət bəsləyən dövlətlər çox az idi. Bir az əvvəldə dediyim kimi, amerikafobiya deyilən anlayış da var. Onu da etiraf edirik ki, belə fobiya bəzən elə gülməli çalarlar alır ki, adam onun nə qədər arqumentli olması ilə bağlı tərəddüdlər yaşamağa başlayır və özündən də asılı olmadan dərin şübhələrə qapılır.

Məsələn, bir neçə il bundan əvvəl “iqlim silahları” ilə bağlı söhbətlər çox dəbdə idi. Deyirdilər ki, guya bütün iqlim şıltaqlıqlarının arxasında ABŞ və onun modern “iqlim silahları” dayanır. Amma hələ o vaxtlar soruşurduq ki, bəs ABŞ-da hər il baş verən və böyük dağıntılara səbəb olan qasırğaların arxasında kim dayanır? Bunun özünü də ABŞ-ın “aktivinə” yazaqmı?..

Nə isə. Çək-çevir etməli məqamalar çoxdur, hətta deyərdik ki, amerikafobiyanın mayasında bir az həsəd və paxıllıq da var. Amma gəl ki, sözümüz bunda da deyil. Əlbət ki, bizim üçün də Amerikaya münasibət məsələsi çox aktualadır. Fəqət, düşünürük ki, bu məsələdə bir çox mübahisəli rejimlərlə bir sırada dayanmağa gərək yoxdur: Amerika ilə əməkdaşlıq etməyi və işləməyi öyrənmək lazımdır.

Üstəlik, ABŞ-ın bilavasitə Azərbaycanla bağlı xüsusi bir missiyası da var: Bu ölkə Minsk Qrupunun üç həmsədrindən biridir. Əlbəttə ki, burada da öyünələsi və təqdir ediləsi məqamlar nəzərə çarpmır.

Bir görün, nə qədər vaxt keçibdi? Bu illər ərzində hətta ABŞ özü dünyada neçə aktual problem və yaxud “həlli vacib” məsələ qaldırıbdır!

Amma Azərbaycan, onun Dağlıq Qarabağ kimi ağrılı bir problemi bunların cərgəsində olmayıb! Neçə illərdir ABŞ diplomatlarının dilindən diplomatik şablonlar eşitməkdən sözün əsl mənasında zinhara gəlmişik: hər dəfə deyrlər ki, Azərbaycan ABŞ üçün vacib partnyordur və guya ki, Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməkdən az qala, xüsusi zövq alır!..

Amma siyasətdə də çox şey axırda nəticə ilə ölçülür və nəticə isə yoxdur. Elə ABŞ-ın özünün hər il maliyyə dəstəyi ayırdığı Ermənistan, onu qondarma “dqr”-i Azərbaycanın toqpaqlarını işğalda saxlamaqda davam edir və ABŞ da Azərbaycanın bu xüsusdakı narahatlığına və etirazlarına “Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq!” kimi artıq zəhlətökən şablonlarla cavab verilir. Halbuki, təkcə son illərdə ABŞ özü dörd “humanitar intervensiya” həyata keçirməli və problemli saydığı rejimləri cəzalandırmalı olubdur...

Amma bizə gələndə “sülh və barışıq ritorikası” işə düşür; insan bu sünilikdən, əslində Azərbaycanın yaşadığı problemə qarşı etinasızlıqdan iyrənir. Fəqət, nə etmək olar? Filosof təbiətli insanlar üçün siyasətin iyrənc və bezdirici tərəfləri oluqca çoxdur. Amma siyasət belədi, səbirini basıb addım-addım öz maraqlarını təmin etməyə çalışmalısan. Əminik ki, Azərbaycan da buna çalışacaq və bunun üçün ABŞ-la da işləməkdə və əməkdaşlıq etməkdə davam edəcək. Çünki bunu maraqlar tələb edir...

Hüseynbala Səlimov
AzNews.az