“Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər” - İlham Əliyev

5 İyul 2018 11:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev müşavirədə çıxış edib. Prezident çıxışında bunları bildirib:

"Mən bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, nümayəndələri bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər ki, bu vəziyyətdən şərəflə çıxa bilək. Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər. Onların çox uğurlu fəaliyyəti nəticəsində qəza demək olar ki, aradan qaldırıldı,heç bir ağır hadisə baş vermədi.

Fövqəladə Hallar Nazirliyi təxliyə işlərini tez və düzgün şəkildə aparmışdır. Metro və liftlərdə qalmış vətəndaşlar təxliyə olundu.

Daxili işlər orqanları çox operativ şəkildə fəaliyyətə keçmişlər. İlk növbədə, asayişin qorunub saxlanması məsələləri gündəlikdə idi. Eyni zamanda, işıqforların işləməməsi nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilərdi. Polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək yol hərəkətini tənzimləyə bilmişlər.

Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər gördü, xətlərə yeni avtobuslar çıxarıldı, sərnişinlərə böyük diqqət və qayğı göstərildi. Bir sözlə, hesab edirəm ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilmişik".