“Elmar Vəliyevə qarşı törədilən ağır cinayətə adekvat hüquqi qiymət veriləcək”

6 İyul 2018 14:21 (UTC+04:00)

Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Ə. Hüseynli qeyd edib ki, bu cinayətə şəxsi ədavət zəminində, dini baxışlar fonunda və ya məmur-vətəndaş münasibətləri çərçivəsində yanaşmağa çalışaraq ictimai fikri çaşdırmaq yolverilməzdir: “Azərbaycan hüquqi dövlətdir və bu cür hallar hüquq çərçivəsində həll olunmalıdır”.

Komitə sədri deyib ki, E. Vəliyev bundan əvvəl Yevlax rayonunda İH başçısı işləyərkən də əhali ilə təmasda diqqətli olub: “Yevlaxdan seçilən bir deputat kimi deyə bilərəm ki, o vaxt onun fəaliyyətini yerli camaat təqdir edirdi. Həmişə əhalinin həssas olduğu dəyərlər və insanların sosial şəraiti onun diqqətində olub. Fəaliyyəti zamanı tabeliyində olan və işinin öhdəsindən gələ bilməyən yerli məmurlara iradlar bildirirdi. Sadə insanların, ümumiyyətlə, vətəndaşların hüquqlarının qorunmasında daim həssaslıq nümayiş etdirirdi. O, cənab prezidentin dediyi kimi, əhalinin xidmətçisi olub. Bunu Yevlaxda çoxları təsdiq edər”.

AzNews.az