Azərbaycanın prioriteti QDİƏT regionunda nəqliyyat qovşaqlarının inkişaf etdirilməsi olacaq - XİN rəsmisi

6 İyul 2018 17:27 (UTC+04:00)

Bunu AzNews.az-a QDİƏT-ə hal-hazırda sədr dövlət kimi Azərbaycanın prioritetləri barədə danışan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, bununla bərabər, Azərbaycan öz sədrliyi dövründə turizm, kənd-təsərrüfatı, bağlantı (connectivity) kimi sahəvi əməkdaşlığın inkişafına da xüsusi əhəmiyyət verəcək:

"Sədrlik zamanı qeyd olunan mövzular üzrə Azərbaycanda bir sıra yüksək səviyyəli tədbirlər, seminarlar və konfransların da keçirilməsi nəzərdə tutulub.

Həmçinin, 2018-ci ilin sonunda Azərbaycan QDİƏT-in 39-cu xarici işlər nazirləri şurasının iclasına ev sahibliyi edəcək".

XİN rəsmisi deyib ki, QDİƏT-in məqsəd və məramları üzv dövlətlər arasında regional əməkdaşlığı inkişaf etdirmək, dövlətlərdən birinin digərinin ərazi bütövlüyü və təbii resurslarına iddia irəli sürmədiyi sabitlik və sülh məkanı yaratmaq:

"Azərbaycan sabit, etibarlı və mehriban qonşuluğun hökm sürdüyü mühiti təmin etmək üçün sərmayə yatırımı, enerji tərəfdaşlığı, nəqliyyat arteriyaları, ticarət və turizmi və bütövlükdə qarşılıqlı faydalı əməkdaşlığı təşviq edir".

H.Hacıyevin sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan nümayəndə heyəti tərəfindən QDİƏT-in mənzil-qərargahında Azərbaycanın sədrlik dövründə prioritetləri geniş bir formada üzv dövlətlərin diqqətinə çatdırılacaq:

"Amma mövcud olan problemləri də öz adları ilə çağırmalıyıq. Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü və Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməsi QDİƏT məkanında hərtərəfli regional əməkdaşlığı təhdid edir, qarşıya qoyulan məqsəd və məramların həyata keçirilməsini əngəlləyir.

Azərbaycana qarşı hərbi işğala son qoymaqla və qonşu dövlətlərlə sivil münasibətlər qurmaqla Ermənistan da yaranmış regional əməkdaşlıq imkanlarından faydalana bilər və nəticə etibarilə, Ermənistan əhalisinin sosial-iqtisadi durumu əsaslı şəkildə yaxşılaşa bilər".