Bakıda yol hərəkətinin təşkili təkmilləşdirilir

6 İyul 2018 20:37 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində:

- parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etsin;

- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını təmin etsin;

- dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması (bundan sonra – təxliyə) xidmətini təşkil etsin və təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət etsin;

- nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- yeni yeraltı və yerüstü avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqların yaradılması ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin.