Yaponiyada leysan yağışları qurbanlarının sayı 49 nəfərə çatdı - Yenilənib

7 İyul 2018 20:18 (UTC+04:00)

Bu barədə "Report" "New Straits Times" qəzetinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, təbii hadisə nəticəsində daha 48 nəfər itkin düşüb. Bununla yanaşı, 5 nəfər huşunu itirib.

Hazırda xilasetmə əməliyyatlarında ölkənin özünümüdafiə qüvvələrinin, polisin və yanğınsöndürmə xidmətinin 48 min əməkdaşı iştirak edir. Ölkənin cənub-qərbində yaranmış vəziyyət olduqca ciddi qiymətləndirilir.

***
13:13

Yaponiyada leysan yağışlar nəticəsində 35 nəfər ölüb.

APA-nın “NHK” telekanalına istinadən verdiyi xəbərə görə, 4 nəfər ağır vəziyyətdədir. 47 nəfərin isə itkin düşdüyü bildirilir.

Hazırda 48 min polis, xüsusi mühafizə qüvvələri, yanğından mühafizə xidmətinin əməkdaşları axtarış-xilasetmə işləri aparır.

Baş nazir Şinzo Abe daşqınlardan təsirlənən ərazilərdə vəziyyətin olduqca ciddi qiymətləndirib.

Qeyd edək ki, cümə günündən başlayan güclü yağışlar Yaponiyanın mərkəzi və cənub-qərb hissələrində ciddi fəsadlar törədib.

***

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Trend-in məlumatına görə, bundan əlavə leysan yağışları 50-dən artıq insanın itkin düşməsinə səbəb olub. Xilasedicilər Yaponiyanın özünümüdafiə Qüvvələrinin döyüşçülərinin dəstəyi ilə axtarış əməliyyatlarını davam etdirirlər.

Ölkənin qərbində 3 milyondan artıq insan təxliyə barədə tövsiyələr alıb.