Bu il milli parklara 25 minə yaxın turist səfər edib

7 İyul 2018 10:04 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən 104 ədəd turist marşrutu fəaliyyət göstərir. Turistlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytında “Xidmətlər” bölməsinə daxil olub istədikləri milli parka onlayn bilet əldə edə bilərlər. Həmçinin onların milli parklara girişinin asanlaşdırılması məqsədilə hər milli parkın giriş məntəqəsində bilet satışı xidməti də həyata keçirilir.

Milli parklara daxil olmaq və turist marşrutları ilə hərəkət etmək üçün giriş haqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarına əsaslanır və adambaşına 2 manat təşkil edir, 6 yaşa kimi uşaqlar, məktəblilər (siniflərlə) və milli qəhrəmanlar isə giriş haqqından azaddırlar.

2018-ci ilin 6 ayı ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara ümumilikdə 24 261 nəfər turist səfər edib, bunların 21 223 nəfəri yerli, 3038 nəfəri xarici vətəndaş olub. Ötən illərin 6 ayı ilə müqayisədə turistlərin sayında artım müşahidə olunur.