İdmançılarımız Ukraynada keçirilmiş kubok yarışında uğur qazandılar

7 İyul 2018 21:00 (UTC+04:00)

Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasından AZƏRTAC-a bildirilib ki, ölkəmizi yarışlarda beş idmançı təmsil edib. Kişilərin yarışında 21E kateqoriyasında Süleyman Əliyev və Vladislav Tuzov, qadınların mübarizəsində isə 21E kateqoriyasında Sevda Verdiyeva və Anna Kamayeva güclərini sınayıblar. Həmçinin kişilər arasında 35 yaş kateqoriyasında Xəyyam Məmmədov mübarizə aparıb.

Yarışlarda 12,4 kilometr məsafəni 2 saat 37 dəqiqəyə qət edən Süleyman Əliyev 18-ci, 2 saat 46 dəqiqəyə tamamlayan Vladislav Tuzov isə 21-ci olublar. Qızların yarışında 9,8 kilometr məsafəni 2 saat 36 dəqiqəyə qət edən Sevda Verdiyeva 10-cu, Anna Kamayeva isə 18-ci yeri tutublar.

Yarışın sonuncu günündə idmançılar qısa məsafəyə qaçış üzrə güclərini sınayıblar. Psel çayının sahilində yerləşən qaçış ərazisində təşkil olunan yarışda Süleyman Əliyev 12-ci, Vladislav Tuzov isə 14-cü yerdə qərarlaşıblar. Qızlardan Anna Kamayeva 9-cu, Sevda Verdiyeva isə 16-cı olub. Xəyyam Məmmədov isə 12 yeri tutub.

AzNews.az