Gülər Əhmədovanın oğlunu döyənlərdən biri həbs olundu – ÖZƏL

24 Mart 2013 19:36 (UTC+04:00)

Məlum olduğu kimi, Gülər Əhmədovanın hərbi xidmətdə olan oğlu Toğrul Əhmədov artıq Dövlət Sərhəd Xidmətinin Bakıdakı Hospitalına gətirilib. Bununla bağlı rəsmi açıqlama ilə çıxış edən Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev bildirib ki, DSX-nin Yevlaxdakı hərbi hissəsində xidmət edən T. Əhmədovun qolu idman zamanı sınıb:

"Əsgərlər arasında qol güləşi zamanı əsgər Əhmədovun sağ qolu dirsəkdən yuxarıdan sınıb. Əsgər dərhal Yevlax Mərkəzi Şəhər Xəstəxanasına aparılıb. Orada rentgen aparatına salınıb və əsgərin sınan qoluna gips qoyulub. Bundan sonra o, DSX-nın Mərkəzi Hərbi Hospitalına gətirilib".

Qeyd edək ki, bu rəsmi açıqlamadan öncə Toğrulun atası Fikrət Əhmədov oğlunun hərbi hissədə digər əsgərlər tərəfindən döyüldüyünü demişdi:

"Mənə xəbər gəldi ki, oğlunu təcili Dövlət Sərhəd Xidmətinin Bakıdakı Hospitalına gətiriblər. Mənə dediklərinə görə, qolu qırılıb. Amma verilən digər məlumata görə, Toğrulu vurublar".

Sonradan isə həm Toğrulun atası, həm də dayısı İlqar Mikayıloğlu verdikləri açıqlamalarda hər hansı döyülmə faktını təkzib edərək, rəsmi izahatla razılaşdıqlarını bəyan etdilər.

Amma AzNews.az xəbər portalına daxil olan məlumatda sabiq millət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun iki əsgər yoldaşı tərəfindən döyüldüyü bildirilir. Qeyd olunur ki, Toğrulu döyənlər 2 nəfər olub və onlardan biri artıq həbs olunub. Baş vermiş insidentlə bağlı iş hazırda Hərbi Prokurorluqda araşdırılır.

Orxan
AzNews.az