Pəhləvanlarımızdan 7 medal

24 Mart 2013 20:54 (UTC+04:00)
Gürcüstanda keçirilən Avropa çempionatına martın 24-də yunan-Roma güləşçilərinin mübarizəsi ilə yekun vurulub. Çəkisi 66 kq, 74 kq və 84 kq olan idmançılar qitənin ən güclüsünün adına aydınlıq gətiriblər. Hər 3 çəkidə Azərbaycan güləşçiləri qüvvələrini sınasalar da, komandamıza medalı Həsən Əliyev qazandırıb. O, üçüncü yeri tutub. Bununla da, yunan-Roma güləşçilərimiz Avropa çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Beləliklə, Azərbaycan 6 gün davam edən qitənin ən möhtəşəm yarışında ümumilikdə 1 gümüş, 6 bürünc medala sahib olub. 2 "üçüncülük" sərbəst güləşçilərimizin aktivində olduğu halda, digər 2 medalı qadın idmançılamız qazanıblar. Yunan-Roma güləşi üzrə 66 kq çəkidə ölkəmizi təmsil edən Həsən Əliyev mübarizəyə 1/16 finaldan başlayıb. Medal ümidlərimizdən olan Avropa və dünya çempionu belaruslu Yaroslav Kardaşla qarşılaşıb. İlk hissəni 2:0 hesabı ilə öndə bitirən Əliyev ikinci hissədə 1:0 hesabı ilə qalib gəlib. Əliyev 1/8 finalda Aleksandar Maksimoviçlə (Serbiya) üz-üzə gəlib. Qarşılaşma Həsən üçün elə də çətin alınmayıb və o, ilk döyüşdəki kimi hər 2 hissədən qalib ayrılıb – 1:0, 1:0. Güləşçimiz 1/4 finalda ukraynalı Mikola Savçenko ilə qüvvəsini sınayıb. O, bu dəfə də rəqibinin zəif olduğunu sübuta yetirib. İlk hissəni 2 xal öndə başa vuran (2:0) Həsən növbəti hissəni vaxtından əvvəl aktivinə yazmağı bacarıb və yarımfinala yüksəlib. Güləşçimiz finala gedən yolda Adam Kurakla (Rusiya) mübarizə aparıb. Təəssüf ki, ilk hissədə vaxtından əvvəl qələbə qazanan Həsən növbəti 2 hissədə məğlubiyyət acısı yaşayıb – 0:3, 0:1. Bununla da yığmamızın son qızıl medal arzusu da heçə enib. Əliyev bürünc medal uğrunda Manuçar Sxadaya (Gürcüstan) ilə qarşılaşıb. Gərgin keçən döyüşdə həmyerlimiz inamlı qələbə qazanıb. O, ilk hissəni xeyrinə bitirdikdən (1:1) sonra uduzsa da (1:2), özünü toparlamağı bacarıb və üçüncü hissədə gürcünü yerli publika önündə 2:0 hesabı ilə məğlub edib. 74 kq Rafiq Hüseynovun da birinci qarşılaşması 1/16 finala təsadüf edib. Həmyerlimiz almaniyalı Paskal Eysele ilə münasibətinə aydınlıq gətirib. Görüş idmançımız üçün uğurlu olmayıb və Rafiq hər iki hissədə uduzub – 0:1, 2:3. Eysele isə finala yüksələ bilmədiyindən Hüseynov yarışla vidalaşıb. 84 kq Saman Təhmasibi ilk görüşdə rusiyalı Aleksey Mişinlə üz-üzə gəlib. Təəssüf ki, hər 2 hissədə rəqib güclü olub – 1:0, 3:0. Mişin finala yüksəldiyindən Təhmasibi təsəlliverici görüşlərə qatılıb. O, öncə Dorin Pirvanla (Rumıniya) qarşılaşıb. İlk hissdə 1:0 hesabı ilə qələbə qazanan Saman ikinci hissədə daha fəal olub və 4:1 hesabı ilə qalib gəlib. Təhmasibi ikinci təsəlliverici görüşündə isveçli Fisnik Zahitini sınağa çəkib. O, ilk hissdə uduzmasına baxmayaraq (0:1), növbəti 2 hissədə üstün olub – 1:0, 1:0. Saman bürünc medal uğrunda Nenad Zuqajla (Xorvatiya) gücünü yoxlayıb. Amma o ilk qarşılaşmasında olduğu kimi yenə qələbə qazana bilməyib. Düzdür, güləşçimiz ilk hissədə 3:0 hesabı ilə qalib gəlib. Lakin növbəti 2 hissəni rəqib aktivinə yazıb – 1:0, 1:0. Nəticədə Təhmasibi yarışda 5-ci yeri tutub. Qeyd edək ki, Avropa çempionatının ilk 5 günündə sərbəst güləşçilərimizdən Yaşar Əliyevlə (55 kq), Cəmaləddin Məhəmmədov (120 kq), qadın idmançılarımızdan Patimat Baqomedova (48 kq) və Anna Belyayeva (63 kq) bürünc medal qazanıb. Bir gün öncə isə yunan-Roma güləşçilərimizdən Elçin Əliyev (55 kq) ikinci, Kamran Məmmədov (60 kq) üçüncü yeri tutub.

AzNews.az