Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar təşkilat komitəsi yaradılıb

9 İyul 2018 16:57 (UTC+04:00)

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov peşə bayramı münasibətilə kollektivi, o cümlədən xarici ölkələrdəki diplomatik nümayəndəliklərin əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir milli maraqlarına xidmət edən xarici siyasət kursunun tarazlaşdırılmış və çoxistiqamətli əsaslarla davam etdiyini deyib.

Geniş tərkibli iclasda 8 iyul tarixində XİN kollektivinin, o cümlədən gənc qadın əməkdaşların qoşunların təmas xəttinə səfəri, peşə bayramını ön xətdə xidmət çəkən əsgər və zabitlərlə birlikdə qeyd etmələri, təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biri kimi Tərtərin Qapanlı kəndinə getmələri, məcburi köçkünlər üçün yeni salınmış Şıxarx qəsəbəsi və ermənilərin Qarabağa köçürülməsinin 200 iliyi ilə əlaqədar tikilmiş və sonradan ermənilər tərəfindən dağıdılmış Marağa 150 abidəsinin qalıqları ilə yerində tanış olmaları xüsusi vurğulanıb.

İclasda gündəlikdə duran prioritet tapşırıq və vəzifələr, regiondakı vəziyyət, 2019-cu ildə qeyd ediləcək Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar tədbirlər planının hazırlanması, 2019-2022-ci illərdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi və 2019-cu ildə Qoşulmama Hərəkatı zirvə toplantısının Azərbaycanda keçirilməsi məsələləri müzakirə olunub. E. Məmmədyarovun rəhbərliyi altında Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar tədbirlərin hazırlanması və həyata keçirilməsi üzrə təşkilat komitəsi yaradılıb.

AzNews.az