"Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir" - İlham Əliyev

9 İyul 2018 23:34 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bunu iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: “Xarici siyasətə gəldikdə, deyə bilərəm ki, bu ilin altı ayında bu sahədə böyük işlər görülmüşdür, Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilmişdir. Qonşu dövlətlərlə bizim ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələri vardır. Altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim bir neçə görüşüm olmuşdur. İlin ikinci yarısında da görüşlər nəzərdə tutulur. Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik olan bir ölkədir. Keçən il elan olunmuş “İslam Həmrəyliyi İli” bu əlaqələri daha da möhkəmləndirmişdir. Bildiyiniz kimi, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Müsəlman ölkələri ilə ənənəvi dostluq, qardaşlıq əlaqələri möhkəmlənmişdir”.

İlham Əliyev bildirib ki, Azərbaycan indi Avropa İttifaqı ilə yeni Saziş üzərində işləyir: “Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir.

Deyə bilərəm ki, bu ilin birinci yarısında Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələyə qalxmışdır. Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlamışdır. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək”.

Prezident vurğulayıb ki, beləliklə, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir:

“Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq”.

Dövlət başçısı xatırladıb ki, bu il Bakıda üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatının – Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilib: “Bu tədbirdə də bizim siyasətimizə dəstək göstərilmişdir. Gələn ildən Azərbaycan bu böyük mötəbər təşkilata sədrlik edəcək. Gələn il Azərbaycanda Zirvə görüşü keçiriləcəkdir. Bu, bir daha ölkəmizə olan hörmətin təzahürüdür. Onu göstərir ki, bizim apardığımız siyasət çox böyük rəğbət doğurur və çox böyük hörmətə layiqdir”.