Bahar Muradovadan avropalı həmkarlarına çağırış

10 İyul 2018 23:08 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bahar Muradova, isveçli həmkarını şübhəli niyyətlərlə və kimlərinsə vasitəsilə təşkilatın binasına daxil olmuş Azərbaycan xalqının bədxahları tərəfindən iclasların fasiləsində foyedə ona ötürülən məlumatlara deyil, etibarlı və obyektiv mənbələrə istinad etməyə çağırıb.

Milli Məclis sədrinin müavini sessiyanın yüksək səviyyədə təşkilinə görə alman həmkarlarına təşəkkürünü bildirib. O deyib: “Vaxtilə bölünmə rəmzi olan Berlin bu gün birliyi təcəssüm etdirir”.

Bahar Muradova Bundestaqın sədri Volfqanq Şoblenin çıxışında ATƏT-in fəaliyyətinin və beynəlxalq hüququn təməl prinsipləri - bu təşkilata üzv ölkələrin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının dəstəklənməsinin zəruriliyi ilə bağlı yer almış fikirləri xatırladıb. “Mövcud böhranların həlli 1975-ci il Helsinki Yekun Aktında əks olunmuş prinsiplərə qeyd-şərtsiz əməl olunmasından asılıdır”, - deyən Bahar Muradova hərbi-siyasi bloklara müraciət edərək, onları bloklara qoşulmayan dövlətlərin ərazi bütövlüyünün tanınması üzrə öhdəliyi öz üzərlərinə götürməyə səsləyib.

Milli Məclisin sədr müavini ATƏT məkanında iqtisadi əməkdaşlığa yardım məsələlərini də diqqət mərkəzində saxlamağa çağırıb. “Bunun üçün nəqliyyat dəhlizlərinin inkişafı sahələrində əməkdaşlığı genişləndirmək, ticarəti sadələşdirmək, insan kapitalını inkişaf etdirmək zəruridir. Məsələn, biz bunları İpək Yoluna Dəstək Qrupu kimi birliklər vasitəsilə həyata keçiririk”, - deyən Bahar Muradova dünənki iclasda ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin İpək Yolu ilə bağlı təqdim etdiyi qətnaməyə səs verən hər kəsə təşəkkürünü bildirib.