Azərbaycan cəmiyyəti heç vaxt qara qüvvələrin arxasınca getməyəcək - Millət vəkili

11 İyul 2018 13:37 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə Gəncə hadisələrini şərh edərkən deyib.

Deputat 10 iyul axşamı Gəncənin mərkəzi meydanında baş verənlərin dövlətçiliyimizə və stabilliyimizə qarşı yönəlmiş bir təxribat olduğunu hesab edir:

“Bir müddət əvvəl Gəncənin icra hakimiyyəti başçısına, indi isə polis rəsmilərinə qarşı törədilən hadisələr Azərbaycanda çaşqınlıq və gərginlik yaratmaq cəhdlərindən xəbər verir. Görünür, xaricdəki müəyyən anti-Azərbaycan dairələrinə Azərbaycanın inkişafı, müstəqil siyasəti sərf etmir. Onlar ölkə daxilində maraqlarını müdafiə edən qüvvələr də yarada bilməyiblər. Ona görə də terrora, qeyri-qanuni hərəkətlərə üstünlük verməyə, səbatsız insanların əli ilə qarışıqlıq yaratmağa cəhd edirlər.

Azərbaycan cəmiyyəti öz dövlətinin müdafiəsindədir, o, heç zaman qara qüvvələrin arxasınca getməyəcək. Hadisələr göstərir ki, dövlətimizi, sabitliyimizi, inkişafımızı hər an qorumalıyıq və biz buna qadirik”.

Bahar RÜSTƏMLİ
AzNews.az