Gəncədə son hadisələrlə bağlı xüsusi müşavirə keçirildi - 9 nəfər həbs olundu

12 İyul 2018 19:08 (UTC+04:00)

AzNews.az-a bu barədə DİN-dən məlumat verilib.

Məlumatda bildirilir ki, bu gün Azərbaycanın baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Gəncə şəhərinə gedərək orada baş vermiş məlum hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçiriblər, görülən işlər barədə hesabatlarını dinləyiblər.

Həmin qanlı cinayəti törədənlərdən 9 nəfəri tutularaq barələrində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar veriblər.

Müşavirədən sonra Baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmasının qarşısını alarkən şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimlərində iştirak ediblər. Onlar Azərbaycan Prezidentinin tapşırığına əsasən, polis əməkdaşlarının ailələrinə və yaxınlarına Dövlət Başçısının başsağlığını çatdırmış, kədərlərinə şərik olublar.