Nazpərinin evini yaranlar məhkəmə qarşısında

13 İyul 2018 12:11 (UTC+04:00)

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, təqsirləndirilən şəxslərin Yunis Hüseynlidən başqa hamısı məhkumluq həyatı yaşayıblar.

Zərərçəkən Nazpəri Dostəliyeva prosesdə iştirak etməyib.

Qeyd edək ki, ötən il avqustun 19-da Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olan şəxslər içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri Ruslan Verdiyev, Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.

A.Həmidov taksi sürücüsü olub.

İstintaq dövründə həmin cinayət işi üzrə təqsirləndirilən A.Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələri 307.1-ci (cinayəti bilərək məlumat verməmə) maddəsinə dəyişdirilib.

Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Cinayət işi üzrə xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov da zərərçəkmiş qismində tanınıb.(apa.az)

AzNews.az