Azərbaycan piratçılıq əleyhinə beynəlxalq konfransda təmsil olundu

13 İyul 2018 19:10 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, tədbirə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Avropa İttifaqı Əqli Mülkiyyət İdarəsi, Avrasiya Patent Təşkilatı, Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Əmtəə Nişanı Assosiasiyası, Avropa Brend Assosiasiyası, ABŞ-ın Patent və Əmtəə Nişanı İdarəsi, Maliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyinin, o cümlədən bir çox ölkələrin əqli mülkiyyət sahəsi ilə məşğul olan dövlət qurumlarının və özəl sektorun nümayəndələri qatılıb.

Konfransda Azərbaycanı Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Elnur Məmmədli təmsil edib. İki günlük tədbirdə əqli mülkiyyət hüquqlarının təminatı üçün alətlər və təcrübə, rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının pozulması, əqi mülkiyyətlə bağlı gömrük və ixrac məsələləri, əczaçılıq sahəsində saxtamalçılıq, müəllif hüquqlarının pozulması zamanı dəymiş ziyanın hesablanması və s. mövzularda təqdimatlar edilmişdir.

Konfransdakı müzakirələr zamanı Azərbaycan nümayəndəsi ölkəmizdə əqli mülkiyyət sahəsində həyata keçirilən işlər, piratçılığa qarşı mübarizə tədbirləri və bu sahədə ictimai maarifləndirmə işinin genişləndirilməsi haqqında məlumat verib, tədbir iştirakçılarına agentliyin son illər nəşr etdirdiyi kitabları paylayıb. Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması və müəlliflik hüququna hörmətin aşılanması sahəsində araşdırmaları xüsusi maraqla qarşılanıb.