Bakıda çökən yol metro tikintisi ilə bağlı deyil - Açıqlama + Yenilənib (Fotolar)

15 İyul 2018 14:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

B. Məmmədov deyib ki, hadisə ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin nümayəndələri çökmə yerinə keçirilən baxış prosesində iştirak edirlər: "Bununla yanaşı, operativ qaydada mümkün nəzəri ehtimalları da araşdırmaq məqsədilə "Bakı Metropoliteni" QSC-nin nümayəndələri bu ərazi istiqamətində tikinti meydançasına və tunellərə təkrar baxış keçiriblər.

Məlumat üçün bildirək ki, Cəlil Məmmədquluzadə küçəsində yerləşən və şərti adı "B-04" olan metro stansiyasını "B-03" stansiyası ilə birləşdirən tunellərin inşası 2016-cı ilin yanvar ayında başa çatdırılıb. Həmin ərazidə inşa olunan "B-04" stansiyasının inşaatında isə yalnız ilkin mərhələnin işləri aparılır və çökməyə səbəb ola bilməz. Metro stansiyasının tikintisi üçün inşaat meydançası ayrılaraq hasara alındığı, həmçinin hazırlıq işləri başlandığı dövrdə ərazidə səlahiyyətli qurumlar tərəfindən kommunikasiya xətləri və digər məsələlərlə bağlı müvafiq işlər də aparılıb. Bütün bunları nəzərə alaraq, çökmə metro inşaatı ilə əlaqələndirilə bilməz. Bir daha qeyd edək ki, çökmə yerində müvafiq səlahiyyətli strukturlar araşdırma aparır və "Bakı Metropoliteni" QSC-nin nümayəndələri bu prosesdə iştirak edirlər".

***

11:11

Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə baş verib.

AzNews.az-ın məlumatına görə, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilkin ehtimalı gözdən keçirib.

O, çökmənin yaxınlıqda aparılan metro tikintisi səbəbindən baş verdiyini bildirib.

“Hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır”.

A.Nəcəfli qeyd edib ki, çökmənin dəqiq səbəbləri barədə məlumat araşdırmadan sonra veriləcək.