Gəncə hadisələri kimi təxribatların heç bir səmərəsi olmayacaq - Elman Məmmədov

16 İyul 2018 11:16 (UTC+04:00)

E.Məmmədov qeyd edib ki, bu hadisə yaramaz ünsürlərin hansısa mərkəzlərdən öyrədilərək ortaya atılmasıdır:

"Təbii ki, həmin şəxslər layiqli cəzalarını alacaqlar. Burada ümumxalq birliyindən söhbət gedir. Xalq öz birliyini ortaya qoydu. İqtidar-xalq birliyi, səmimi münasibət özünü büruzə verdi. Polisə qarşı zor tətbiq etmək, polisə əl qaldırmaq Azərbaycan qanunlarına və dövlətə əl qaldırmaq deməkdir. Bu, Azərbaycanda sabitliyi pozmaq, insanları itaətsizliyə və terrora çağırmaqdır. Həmin şəxslər ölkədə iğtişaş yaratmağa, terror törətməyə cəhd ediblər".

Millət vəkili hesab edir ki, həmin şəxslərə heç bir güzəşt edilməməlidir, onlar Azərbaycanın qanunları çərçivəsində maksimum cəzalandırılmalıdırlar.

İyulun 13-də Prezident İlham Əliyevin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasa da toxunan E.Məmmədov bildirib: "Dövlətimizin başçısının da bəyan etdiyi kimi, Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Belə təxribatların heç bir səmərəsi olmayacaq. Azərbaycan xalqı bundan sonra da rahat, təhlükəsiz şəraitdə yaşayacaq".