Dövlət katibinin İraqa səfərinin səbəbləri

25 Mart 2013 15:14 (UTC+04:00)



AzNews.az anspress-ə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri İraqa səfər edib. O, paytaxt Bağdadda ölkənin baş naziri Nuri Əl-Maliki ilə regional məsələlərlə bağlı müzakirələr aparıb. Con Kerri rəsmi Bağdadı İran təyyarələrinin İraqın hava məkanından Suriyaya hərbi sursat daşımasına yol verməməyə çağırıb. Con Kerrinin təbirincə, İrandan Suriyaya silah təchizatı Bəşər Əl-Əsəd rejiminin davam gətirməsinə şərait yaradır.

ABŞ dövlət katibi Con Kerri: "İrandan Suriyaya olan uçuşlarla bağlı ciddi müzakirələr apardıq və bu məsələ ilə bağlı qarşılıqlı olaraq daha dolğun məlumat əldə etmək üçün razılığa gəldik. Cenevrə razılaşmasına əsasən, Bəşər Əsədin hakimiyyəti tərk etməsini və Suriyada keçid hökümətinin bərqərar olmasını istədiyimiz halda, bütün bunlara mane olan vasitələr problemə səbəb olur. Konqres İraqın bu məsələ ilə bağlı hansı addımlar atdığını yaxından izləyir".

Görüşdən sonra müxbirlərlə danışan Kerri bu məsələnin İraq rəhbərliyi qarşısında açıq şəkildə qaldırdığını bildirib.

Qeyd edək ki, İraq rəsmiləri İrandan Suriyaya gedən təyyarələrin döyüşlərdən əziyyət çəkənlərə humanitar yardım apardığını iddia edir. Lakin rəsmi Vaşinqton deyilənlərin əksinə olaraq, təyyarələrin silah və hərbiçilərlə təchiz olunduğuna inanır.

Kerri, eyni zamanda, ölkədə dini məzhəblər arasında uzun müddətdir ki, davam edən düşmənçiliyə son qoyulması üçün rəsmilərə müraciət edib. Onun sözlərinə görə, sabiq İraq lideri Səddam Hüseyn devrildikdən sonra artıq on ildir ki, davam edən qarşıdurmalar regionda sülh və stabilliyə açıq-aşkar təhlükədir.

Qeyd edək ki, Kerrinin daha sonra kürd regional lideri Məsud Bərzani ilə telefon əlaqəsi yaradacağı bildirilir. Tərəflər regionda Türkiyə ilə neft kəməri razılaşmaları məsələlərini müzakirə edəcəklər.

AzNews.az