ARDNF mənfəət neftinin və qazın satışından 7,9 mlrd. manat gəlir əldə edib

17 İyul 2018 10:57 (UTC+04:00)

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, 2018-ci ilin yanvar-iyun ayları ərzində Fondun büdcə gəlirləri 9 mlrd. 173,7 mln. manat, büdcə xərcləri isə 4 mlrd. 731,6 mln. manat təşkil edib.

2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 mlrd. 665,7 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 mlrd. 889,5 mln. manat, bonus ödənişləri 765,2 mln. manat, tranzit gəlirləri 10,5 mln. manat, akrhesabı ödənişlər 0,5 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 508,0 mln. manata bərabər olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 4 mlrd. 608 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,1 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 mln. manat vəsait ayrılıb. 2 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10,5 mln. manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 838,5 mln. manat təşkil edib.

2018-ci il iyulun 1-ə Fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 mlrd. 806,5 mln. ABŞ dolları) nisbətən 6,22% artaraq 38 mlrd. 36,1 mln. ABŞ dolları təşkil edib ki, aktivlər üzrə bu göstərici ARDNF-nin ümumi fəaliyyəti dövrü ərzində ən yüksək hədd olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.