Nazirlik Xəzərə çirkab suları axıdan istirahət mərkəzlərini cərimələyib

17 İyul 2018 14:58 (UTC+04:00)

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Xaçmaz rayonu Müqtədir-Nabran zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində, ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı müəyyən edilib.

“Bulaq”, “Üç qardaş”, “Green ville”, “Panorama”, “Əlincə”, “Raduqa”, “Çıraq qala” və “Venesiya” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, “Təbib”, “Sunset”, “Elay”, “Jalə” istirahət mərkəzlərində və “Panorama” restoranında formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 9400 manat məbləğində cərimə ediliblər.

Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.