Saxlanılan şəxs çox 'peşimanam' dedi

25 Mart 2013 16:08 (UTC+04:00)



Milli.Az xəbər verir ki, saxlanılan şəxsdən 8 kiloqram 100 qr narkotik vasitə olan marixuana götürülüb. Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi bina 79, mənzil 34-də qeydiyyatda olan Sərdar Cəlal oğlu Aslanov narkotik vasitə olan marixuananı 3.000 ABŞ dollarına satmaq istəyərkən yaxalanıb. Saxlanılan şəxs barəsində toplanan maddi sübut və material Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinə təhvil veriləcək.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional şöbəsinin rəis əvəzi Rafael İsmayılov: "Hal-hazırda onun ətrafında əməliyyat axtarış tədbirləri davam edir. Bizdə olan məlumatlara görə, o digər cinayətlərdə də iştirak edib. Onun digər cinayətlərdə əlinin olub-olmaması istintaqın gedişatı nəticəsində məlum olacaq".

Saxlanılan şəxs marixuananı istifadə məqsədi ilə deyil, satmaq üçün yığmasını etiraf edib. O, bu işdə məqsədinin pul əldə etmək və dolanışıq səviyyəsini yüksəltməyə çalışdığını bildirib. Saxlanılan şəxs Sərdar Aslanov: "Heç kim narkotik əkməsin, nə satmasın, nə də çəkməsin. Çox peşmanam".

Narkotik istifadəçisi olmadığını deyən Sərdar Aslanovun barəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti sübuta yetirilərsə, onu 5 ildən 12 ilə kimi məhbus həyatı gözləyir. 54 yaşlı Sərdar Aslanov əvvəllər də soyğunçuluq və xuliqanlıq etdiyi üçün məhkum olunub.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsidə mart ayı ərzində 15 kq narkotik vasitə dövriyyədən çıxarılıb.


AzNews.az