“İtaliya ATƏT-ə sədrlik çərçivəsində Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək” - Mattarella

18 İyul 2018 14:24 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu İtaliya prezidenti Sercio Matarella Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

“Bir daha əlavə etmək istərdim ki, İtaliya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişlə bağlı danışıqlarda çox fəal rol oynayır. Hesab edirik ki, bizim ümumi marağımızda olan prioritet məsələlərin daha da inkişaf etdirilməsi Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı çərçivəsində İtaliya-Azərbaycan münasibətlərinə öz töhfəsini verəcək. Cənab Prezident, mən, həmçinin Brüsseldə Qətiyyətli Dəstək sənədinin imzalanması ilə bağlı Sizi bir daha təbrik edirəm. Çünki mən hesab edirəm ki, bu, Azərbaycanın əldə etdiyi uğurlu bir nəticədir. Fikirləşirik ki, bu, daha da inkişaf edəcək. İtaliya NATO çərçivəsində əməkdaşlığına, xüsusən Əfqanıstanda göstərdiyi əməkdaşlığa görə Azərbaycana minnətdarlığını bildirir. Bildiyiniz kimi, İtaliya bu sahədə də öz xüsusi rolunu oynayır. Azərbaycan ilə İtaliya arasında mədəniyyət, iqtisadiyyat və siyasi sahələrdə əməkdaşlıq, eləcə də dostluq münasibətləri mövcuddur. İtaliya həmişə Azərbaycanın inkişafı üçün onun yanında olacaq. Həm qonaqpərvərliyinizə, həm də xoş sözlərinizə görə Sizə təşəkkürümü bildirirəm”, - deyə o vurğulayıb.