Mədət Quliyev hərbçilərə cüdo üzrə master-klass keçib

18 İyul 2018 17:35 (UTC+04:00)

DTX-nin ictimai əlaqələr mərkəzindən verilən məlumata görə, xidmətin hərbi hissələrində hərbi qulluqçuların, o cümlədən əsgərlərin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Hərbi hissədə xidməti-döyüş fəaliyyəti müvafiq qanunvericiliyin, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Nizamnamələrinin tələbləri əsasında təşkil olunur, hərbi qulluqçulara nəzəri-praktiki, sıra və fiziki hazırlıq dərsləri keçirilir, ümumən şəxsi heyətin peşəkarlıq vərdişləri real döyüş şəraitinə uyğunlaşdırılır. Əsgərlər idmanın müxtəlif növləri üzrə məşğələlərdə hazırlaşır və DTX-nin struktur bölmələri arasında keçirilən yarışlarda müvəffəqiyyətlə iştirak edirlər.

Dövlət Təhlükəsizliyi Xidmətinın rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant, cüdo üzrə idman ustası Mədət Quliyev və DTX-nin məsul əməkdaşı, Olimpiya çempionu, beynəlxalq dərəcəli idman ustası Elnur Məmmədli hərbi hissənin idman kompleksində cüdo idman növü üzrə əsgərlər üçün növbəti master-klass keçib.