“Şahdağ”da turistlərin sayı 60 minə çatdı

25 Mart 2013 19:01 (UTC+04:00)

Bayram həftəsində Qusarda yerləşən "Şahdağ" Qış-Yay Turizm Kompleksində istirahət edənlərin sayı 60 minə çatib. Bu, rekord göstəricidir


Kompleksdən AzNews.az-a bildirilib ki, ötən 2 ay ərzində buraya üz tutan turistlərin sayı gündən-günə artır. Burada turistlərin hər cür rahatlığı təmin olunub. Kompleksin meneceri Tural Rzayevin sözlərinə görə, kompleksdə istirahət, ticarət mərkəzləri, restoran, kafe, oyun zalı, atsürmə, xizəksürmə və digər xidmətlər turistlərin ixtiyarındadır. Hələ tikintisi davam etdirilən kompleksin növbəti 3 mərhələsi də hazır olduqdan sonra bura MDB məkanında yerləşən ən böyük və analoqu olmayan turizm obyektinə çevriləcək. Qeyd edək ki, kompleksin 4 mərhələsindən yalnız biri istifadəyə verilib: "Ümumi sahəsi 2 min 59 hektar olan, Şahdağın ətəyindən zirvəsinədək uzanan bu ərazidə 2 otel, 4 kanat və 6 xizək yolu artıq turistlərin ixtiyarındadır. Burada həmçinin bütün yaş kateqoriyasından olan insanların dağ-xizək idmanı ilə məşğul olması üçün xizəkçilik məktəbi fəaliyyət göstərir".

Onu da bildirək ki, Şahdağ Qış-Yay Turizm Kompleksinin birinci mərhələsi üzrə inşaat işləri dövlət tərəfindən maliyyələşdirilib. Tikinti işlərinə nəzarəti isə Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir. Növbəti mərhələlərdə özəl sektorun da yaxından iştirakı nəzərdə tutulub. Layihənin qarşıdakı mərhələləri çərçivəsində yeni kanat yolu çəkiləcək, qolf meydançası, müxtəlif klublar, otel və mehmanxanalar, pansionat, gənclər mərkəzi və digər xidmət obyektləri yaradılacaq.

Ruhiyyə
AzNews.az