MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirildi - Bakıda (Fotolar +Yenilənib)

20 İyul 2018 18:10 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, iclasda Belarus, Qazaxıstan, Qırğız, Moldova, Tacikistan, Özbəkistan respublikalarının, Türkmənistan və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin, MDB-nin İcraiyyə Komitəsinin, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıqla mübarizənin əlaqələndirilməsi üzrə Büronun, Beynəlxalq Kriminal Polis Təşkilatı – İnterpolun, BMT-nin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya regional qurumunun rəhbərləri və nümayəndə heyətləri iştirak ediblər.

Qonaqlar əvvəlcə Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər qoyulub.

Nümayəndə heyətlərinin rəhbərlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qəbul edib. Birinci vitse-prezident respublikanın ictimai-siyasi həyatının müxtəlif sahələrində aparılan islahatları və əldə olunmuş nailiyyətləri qonaqların diqqətinə çatdırıb, həmçinin Şuranın işini yüksək qiymətləndirərək fəaliyyətində uğurlar arzulayıb.

Həmin gün MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclası öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan Şuranın sədri, Tacikistan Respublikasının daxili işlər naziri, milis general-polkovniki Ramazon Raximzoda bu quruma rəhbərlik etdiyi bir il ərzində görülən işlər barədə məlumat verib.

MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə müvafiq olaraq Şuraya sədrlik Azərbaycan Respublikasınnın daxili işlər nazirinə həvalə olunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin tapşırığına əsasən dövlət başçısının iclasın iştirakçılarına ünvanladığı müraciəti səsləndirib. O, Şuranın üzv dövlətlərin ərazisində cinayətkarlığa qarşı mübarizədə davamlı səylərini, əldə etdiyi müsbət nəticələri, eyni zamanda hər bir ölkənin təhlükəsizliyi baxımından böyük və əhəmiyyətli işini xüsusi vurğulayaraq fəaliyyətində yeni nailiyyətlər arzulayıb.

Şuraya sədrlik edən Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari il sentyabrın 24-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətlərin digər təhlükəli növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun yaranmasının 25 illiyinin tamam olacağını diqqətə çatdıraraq bu yubiley münasibətilə həmin qurumun rəhbərliyini və əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.

Şuranın iclasında MDB-nin İcraiyyə Komitəsinin Departament direktoru, general-leytenant Albert Drujinin, İnterpolun Baş katibi Yurgen Ştok çıxış ediblər.

İclasın gündəliyində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet məsələləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icrasının, terrorçu qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərlə bağlı məlumat mübadiləsinin vəziyyəti, üzv dövlətlərin ərazisində kibercinayətlərin qarşısının alınmasında razılaşdırılmış hərəkət mexanizmləri, bu sahə üzrə ixtisaslı kadrların hazırlanması, elmi-praktik konfransların keçirilməsi və digər aktual məsələlər olub.

Bu istiqamətlər üzrə öz çıxışında ölkəmizin mövqeyini ifadə edən nazir Ramil Usubov cinayətkarlıqla mübarizənin aktual problemlərinə dair mütəmadi keçirilən belə görüşlərin müasir çağırış və təhdidlərin qarşısının alınmasında mühüm rolunu vurğulayıb. Respublikadakı kriminogen durum, həyata keçirilən tədbirlər barədə də iştirakçılara məlumat verib və bildirib ki, cinayətkarlığın qarşısının alınması və açılması işinin effektiv təşkili, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmini ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət edir. Bu məqsədlərə çatmaq üçün birgə səylər daha da gücləndirilməli, məqsədyönlü və davamlı olmalıdır.

Şuranın növbəti iclasının gələn il Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilməsi təsdiqlənib.

Daha sonra iclas iştirakçılarının “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmasına dair Azərbaycan Respublikası daxili işlər nazirinin əmri elan olunub və general-polkovnik Ramil Usubov mükafatları təqdim edib.

İştirakçılar Şuranın iclasının işinə verdiyi ali qiymətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, habelə tədbirin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda keçirilən mətbuat konfransında nümayəndə heyətlərinin rəhbərləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

***

11:59

Bakıda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) növbəti iclası işə başlayıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, iclasda cinayətkarlıqla mübarizə üzrə dövlətlərarası proqramların həyata keçirilməsi, MDB ölkələrinin daxili işlər nazirliklərinin əməkdaşlığının aktual istiqamətləri, eləcə də beynəlxalq terror təşkilatlarının tərkibində üçüncü ölkələrin ərazisində silahlı münaqişələrdə iştirak edən şəxslərlə bağlı informasiya mübadiləsi, MDB ölkələri DİN orqanlarının Birlik ölkələri ərazisində müasir informasiya texnologiyaları sahəsində törədilən yeni cinayət növlərinə qarşı mübarizə üzrə koordinasiya mexanizmi bazasının təkmilləşdirilməsi məsələlərinin nəzərdən keçiriləcəyi planlaşdırılır.

İclasın gedişatında təşkilata sədrlik Azərbaycana keçəcək.

İclasın gündəliyinə MDB-yə üzv dövlətlərin avtonəqliyyat vasitələrinin oğurluğuna qarşı mübarizə və 2005-ci il noyabrın 25-dən onların geri qaytarılmasının təmin edilməsi üzrə əməkdaşlığı haqqında sazişə dəyişikliklər edilməsi barədə protokolun imzalanması da daxildir.

Qeyd edək ki, iclas iyulun 21-dək davam edəcək.