Paşinyanın ağlı başına gəlirmi?

21 İyul 2018 09:32 (UTC+04:00)

Bunun ardınca isə daha iki maraqlı detal oldu. N.Paşinyanın eks-prezident L.Ter-Petrosyanla görüşərək ölkədəki vəziyyəti və Dağlıq Qarabağ problemini müzakirə etdiyi bilidirildi, daha sonrasa Paşinyanın Azərbaycan prezidentilə görüşməyə hazır olduğunu bəyan etməsi haqda xəbərlər yayıldı.

Etiaf edək ki, əksər təhlilçilər üçün “erməni məxməri inqilabı” əski sovet məkanında baş vermiş “rəngli inqilab”ların ən qaranlığı idi: “bir aktyorun teatrı”nı xatırladan bu siyasi tamaşa bir tapmaca olaraq qalırdı və hamı kölgədə qalmağa üstünlük verən “aktor”ları müəyyən etməyə və etirazların siyasi spektrini təsəvvür etməyə çalışırdı.

“Kölgə aktorları” arasında da ən çox eks-prezident L.Ter-Petrosyanın adı çəkilirdi. Bir tərəfdən onun Qarabağ siyasi klanı tərəfindən hakimiyyətdən uzaqlaşdırılması, digər tərəfdənsə eks-prezidentin ölkədə bu illər ərzində əsas müxlif vektorrlardan biri olması və nəhayət, indiki baş nazirlə onun siyasi trayektoriyasıının bir neçə dəfə kəsişməsi bu cür ehtimlları bir az da gücləndirirdi.

İndi səbəbindən asılı olmadan, hər halda, iki erməni lideri arasında ilk təmas baş tutub, üstəlik, Paşinyan bilidirb ki, gələcəkdə də bu təmasları davam etdirmək niyyətindədir.

Yox, düşünməyin ki, Ter-Petrosyan faktoruna həddən ziyadə önəm veririk; əsla belə deyil, unutmamışıq ki, Azərbyacan torpaqlarının işğalı məhz onun hakimiyyəti illərində həyata keçirilib və Ter-Petrosyan erməni milli hərəkatının lideri kimi əvvəldən fərqli siyasət yürütsəydi və Kremlin direktivlərilə oturub-durmasaydı indi bütün Cənubi Qafqazda tamam fərqli siyasi mənzərə olardı.

Amma nə etmək olar? Qəbul etmək gərəkir ki, eks-prezident bütün hallarda erməni siyasi palitrasında reallıq müstəvisinə yaxın olan demək olar ki, yeganə siyasətçidir və hesab edirik ki, onun Qarabağ probleminə baxışı bu illər ərzində yenidən tranformasiya olunsa belə, hər halda, Koçaryanla Sarkisyanın baxışlarından fərqlənir.

Elə bu səbəbdən də düşünürük ki, Ter-Petrosyanla kontaktlar Paşinyan üçün faydasız olmaz, çünki real siyasət ən maraqlı və tirajlı qəzeti buraxmaqdan yüz dəfələrlə çətin məşğuliyyətdi, xüsusən də nəzərə alsaq ki, erməni baş naziri Brüsseldən çox pərişan qayıtdı və gülməli olsa da, onu ən çox təəccübləndirən bu, olubdur ki, Avropa Ermənistanda inqilab olmasını nəzərə almır, bu ölkəyə ayırılan sədəqələri artırmaq istəmir.

Gülməlidir, deyilmi? Həm də tipik erməni düşüncəsidir: biz inqilab etmişik, sədəqəmizi artırın! Halbuki ABŞ da, Avropa da artıq dolayı yolla olsa da, şərtlərini açıqlayıblar: ermənilər hələ sübut etməlidirlər ki, onların inqilabı adi hakimiyyət dəyişikiliyi deyil, çünki Ermənistanda Aşotun yerinə hakimiyyətə Mskrtçın gəlməsi heç kim üçün maraqlı deyil və bu yaxınlarda ABŞ-ın İrəvandakı səfiri şərtləri açıqladı: demokratik seçkilər, ciddi məhkəmə - hüquq islahatları və korrupsiyaya qarşı kəskin müabrizə...

Əlbəttə, biz bu tələblərin siyahısında bir cümlə də görmək istərdik: Dağlıq Qarabağ problemində konstruktiv mövqe. Bu, olmadı, bunu biz amerikalı səfirin dilindən eşitmədik. Olsun. Səfir bunu deməyə bilər, gəl, həyat özü onu dilə gətirir, çünki Qərbin bir neçə yüz milyonluq sədəqəsi Ermənistanda heç bir problemi həll etməyəcək və problemin köklü şəkildə həllinin yalnız bir yolu var: region dövlətlərilə, Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmaq...

Paşinyan bunu anlayacaq, ya anlamayacaq– bilmirik, bircə onu bilirik ki, inqilabın o biri üzü də olur.

Ümid edirik ki, onun Azərbaycan prezidentlilə görüşməyə hazır olduğunu deməsi hər halda, ona işarədir ki, Qərb ondan Dağlıq Qarabağ məsələsilə bağlı da konkret addımlar gözləyir. Xüsusən də erməni əsilli seçicilələrin yaşadığı ABŞ və Fransa.

Bu dövlətlər Ermənistana kömək etmək istəyirlər, amma bunu Paşinyandan fərqli olaraq inqilaba görə mükafat və yaxud da ermənilərin nəzərdə tutduğu kimi, “ömürlük sosial müavinət” kimi təsəvvür etmirlər. Hər iki ölkədə başa düşürlər ki, Ermənistanın problemlərinin həlli üçün blokada aradan qaldırılmalı, kommunikasiyalar bərpa edilməli, İrəvanın bölgənin iqtisadi həyatında iştirakı təmin olunmalıdır.

Bunun isə yolu Dağlıq Qarabağ problemində daha konstruktiv mövqe nümayiş etdirməkdən keçir...

Həm də siyasətçidə müşahidə qabiliyyəti olmalıdır. Məgər Paşinyan görmür ki, onun öz ölkəsi üçün Qərbdən umduğu münasibəti Azərbaycan özünə artıq təmin edibdir: bütün Qərb dünyası Azərbaycanı daha ciddi dövlət və partnyor kimi qəbul edir.

Kimsə demir ki, Azərbaycan bizdən maliyyə yardımı ummağa gəlib, əksinə hamı Bakı ilə iş görməyə və bu ölkəyə ciddi investisiya yatırmağa çalışır.

N.Paşinyanın yalnız beynəlxalq tədbirlərdə gördüyü dövlət və siyasət adamları özləri Bakıya gəlirlər və Azərbaycan prezidentinin beynəlxalq təbirlərdəki fasilələr zamanı kiməsə yaxınlaşmaq üçün fürsət güdməyə qətiyyən ehtiyacı yoxdur...

Hüseynbala Səlimov
AzNews.az