Tramp Çini hədələdi

21 İyul 2018 10:37 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, CNBC televiziya kanalına müsahibəsində iki ölkə arasında ticarət kəsirindən danışan Tramp vurğulayıb: ”Mən rüsumları 500 milyard dollara qaldırmağa hazıram”.

ABŞ hökumətinin məlumatına görə, 2017-ci ildə Çindən Birləşmiş Ştatlara 505 milyard dollarlıq mal ixrac edilib ki, bu da ticarət balansında 376 milyard dollaradək kəsir yaradıb. Tarazlığın pozulmasının miqyasının artması 2018-ci ildə də davam edib. Belə ki, cari ilin beş ayı ərzində Çindən idxalın həcmi 205 milyard dollara, kəsir isə 152 milyard dollara çatıb.

Trampın öz sələfləri ilə müqayisədə ticarətdə tutduğu daha proteksionist mövqe bütün dünya ölkələri tərəfindən cavab tədbirləri ilə qarşılanır. Bundan əvvəl də ABŞ Çin mallarının idxalına 34 milyard dollar rüsum tətbiq etmişdi. Pekin Vaşinqtonun bu addımına adekvat cavab vermiş və amerikan mallarına eyni məbləğdə tariflər qoymuşdu.

Hazırda Birləşmiş Ştatların polad və alüminiuma tətbiq etdiyi yeni tariflərə cavab olaraq Çin, Avropa İttifaqı, Kanada, Meksika və Türkiyənin cavab tədbirləri müzakirə edilir.

AzNews.az