“Bu, Azərbaycan və Fransa iqtisadiyyatlarının daha da inkişafına müsbət təsir edəcək”

24 İyul 2018 15:57 (UTC+04:00)

Bu fikirləri Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

O bildirib ki, müstəqilliyinin bərpasından ötən 27 ilə yaxın bir dövr ərzində beynəlxalq birliyin fəal üzvlərindən birinə çevrilən Azərbaycan hər zaman Avropa İttifaqı ilə münasibətlərə xüsusi önəm verib: "İstər Avropa İttifaqı, istərsə də quruma üzv olan ölkələrlə ayrı-ayrılıqda qarşılıqlı faydalı əməkdaşlıqlar qurulub, müxtəlif sahələri əhatə edən münasibətlər daha da dərinləşdirilib. Bu mənada Fransanı xüsusi olaraq vurğulamaq lazımdır. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin Fransaya səfərini Azərbaycan-Fransa, ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin daha da genişlənməsi və möhkəmlənməsində mühüm amil kimi vurğulamaq lazımdır".

V.Rəhimzadə qeyd edib ki, sözügedən səfər siyasi, iqtisadi, eləcə də digər sahələrdə mühüm razılaşmaların, müzakirələrin əhəmiyyəti ilə yadda qaldı: “Bu gün Azərbaycan-Fransa münasibətləri yüksək səviyyədədir. Avropa İttifaqı ölkələri, o cümlədən Fransa Azərbaycanla geniş iqtisadi əlaqələrə malikdir. Ölkələrimiz arasında uzun illərə söykənən dayanıqlı ticari münasibətlər mövcuddur. Cənab Prezidentimizin Fransaya səfəri zamanı yalnız Fransanın deyil, Avropa və bütövlükdə dünyanın aparıcı iqtisadi qurumlarından şirkətlərin rəhbərləri ilə görüş nəticəsində 2,3 milyard dollarlıq anlaşmalar imzalanıb. Hesab edirəm ki, bu mühüm razılaşmalar Azərbaycan və Fransa iqtisadiyyatlarının daha da inkişaf etməsinə müsbət təsir edəcək, ölkələrimiz arasındakı əməkdaşlığı möhkəmləndirəcək”.

Baş redaktor vurğulayıb ki, Azərbaycan Avropa məkanında etibarlı tərəfdaş olduğunu təsdiq edib: “Fransa Avropa İttifaqının söz sahibi olan ölkələrindən biridir. Möhtərəm Prezidentimizin səfəri zamanı keçirdiyi yüksək səviyyəli görüşlər Fransanın Azərbaycana olan hörmətinin, etibarının, xoş münasibətinin göstəricisidir. Səfər zamanı dövlətimizin başçısının fransalı həmkarı ilə görüşü də xüsusi olaraq vurğulanmalıdır. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa rəhbərliyinin ölkəmizə və cənab Prezidentimizə olan səmimi, yüksək səviyyəli münasibəti Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində, ədalətli həllində mühüm amil kimi qiymətləndirilə bilər”.

V.Rəhimzadə əlavə edib ki, artıq işğalçı Ermənistan Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmlənməsindən təlaşa düşərək öz narahatlığını açıq şəkildə büruzə verir: “Bu gün erməni KİV-i Fransanı Azərbaycanla yaxınlaşmaqda günahlandırır, öz qorxularını gizlədə bilmirlər. İşğalçı ölkənin mediası Fransanın Ermənistana xəyanət etdiyini yazır, bu ölkənin Dağlıq Qarabağ münaqişəsində bizim xeyrimizə mövqe tuta bilməsi ilə bağlı antitəbliğat aparırlar. Ancaq bütün bunların heç bir əhəmiyyəti yoxdur. Çünki artıq bütün dünya Azərbaycanın haqlı mövqeyini görür və dəstəkləyir”.

AzNews.az