“Türkiyə Qarabağ münaqişəsinin həllində Azərbaycana böyük dəstək verir” - Baş nazir

24 İyul 2018 19:59 (UTC+04:00)

AzNews-un məlumatına görə, N. Məmmədov qeyd edib ki, bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır.

Baş nazir Azərbaycanın və Türkiyənin birgə təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrdən danışaraq bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi layihələrin reallaşması ölkələrimiz arasındakı sarsılmaz qardaşlıq münasibətlərini təcəssüm etdirir: “Bu layihələr təkcə bizim ölkələrin deyil, region xalqlarının rifahının artmasına, beynəlxalq əməkdaşlığın güclənməsinə töhfələr verir”.

Ölkələrimizin bütün beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etdiyini bildirən N. Məmmədov qeyd edib ki, Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində də daim Azərbaycanın yanındadır və ölkəmizə böyük dəstək göstərir.

M. Çavuşoğlu isə ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayaraq deyib ki, xalqlarımızın və dövlətlərimizin başçılarının sıx dostluq və qardaşlıq əlaqələri münasibətlərimizin daha da möhkəmlənməsində mühüm rol oynayır: “Bu münasibətlərin bariz nümunəsinin Türkiyə və Azərbaycan prezidentlərinin bu yaxınlarda Brüsseldə keçirilən NATO Zirvə görüşündə bir daha şahidi olduq”.