“Rusiyaya işləməyə gedənlər özlərini böyük riskə atırlar” – Müsahibə

26 Mart 2013 10:45 (UTC+04:00)



Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev AzNews.az-ın suallarını cavablandırıb

- Azərbaycanda miqrantlarla bağlı ümumi vəziyyəti necə xarakterizə edərdiniz?

- Azərbaycana qanuni əsaslarla, viza ilə gələn, əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə alan miqrantlarla bağlı heç bir problem yoxdur. Amma Azərbaycanda qanunların tətbiqi ilə bağlı yaranan problemlər hesabına miqrant vəziyyətinə salınan insanlar var. Bu, normal hal deyil. Azərbaycan dünyada yeganə ölkədir ki, vətəndaşlığı olmayan şəxsləri şəxsiyyət vəsiqəsi ilə təmin etmək üçün qayda nəzərdə tutulmayıb. Belə şəxslərin sayı ölkəmizdə 20-30 min arasındadır. 1992-ci il yanvar ayının 1-dən sonra vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşənlərə sənəd verilməsi qanunda yoxdur. Yalnız 1992-ci il yanvarın 1-ə qədər vətəndaşlığı olmayan şəxs olanlara şəxsiyyət vəsiqəsi verilir. Fiziki şəxslər 3 qrupa bölünür - Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayanlar. Əcnəbilərin də sənədləşdirilməsi qaydası var. Ancaq vətəndaşlığı olmayan şəxslərlə bağlı belə bir qayda yoxdur və onların sayı Azərbaycanda olduqca çoxdur. Onlar bu gün sənədsiz yaşayırlar və sənədsiz yaşadıqlarına görə də onlardan doğulanlar da sənədsiz yaşayırlar. Bu bir problemdir.
İkinci bir problem immiqrasiya sahəsindədir və olduqca ciddidir. Bilmirəm Azərbaycan bu təcrübəni haradan götürüb, ancaq bütün normal ölkələrdə immiqrasiya üçün iş əvvəlcədən görülür. Məsələn, şəxs Kanadaya getmək istəyir, şəxsi işini göndərir, ya immiqrant statusu verilir, yaxud da imtina edilir. Bizdə isə əcnəbiyə deyirik ki, sən gəl, 2 il Azərbaycanda yaşa, hər dəfə 1 il olmaqla, ondan sonra status verilməsi məsələsinə baxarıq. Bu, onların əmlak vəziyyətinə təsir edir, bu vəziyyəti ağırlaşdırır, 2 il insan həyatından gedir.

- Azərbaycanda son illər qaçqın statusunun verilməsi də çətinləşdirilib...

- Bəli, bu da üçüncü, çox ciddi problemdir. Şərtlər olduqca ağırdır. İrandan istənilən ölkəyə gedənlər qaçqın statusu alırlar, ancaq Azərbaycana gələnlərə status verilməsi olduqca ciddi problemdir. Qaçqınların vətəndaşlıq əldə edilməsi də növbəti problemdir. Məsələn, Azərbaycanda 15 il qaçqın statusu ilə yaşayan şəxs var ki, bu gün ona vətəndaşlıq verilmir. Halbuki Azərbaycan onlara sadələşdirilmiş qaydada vətəndaşlığını verməlidir. Qaçqın statusunun verilməsi üçün tələb olunan şərtlər vətəndaşlıq verilməsi üçün tələb edilən şərtlərlə eynidir. Əgər qaçqın statusu verilirsə, vətəndaşlıq da verilməlidir. Bununla bağlı Azərbaycan ciddi öhdəliklər götürülüb.

- Dünya ölkələrində ailə birləşməsi anlayışı var, Azərbaycanda bu sahədə vəziyyət necədir?

- Ailə birləşməsi proqramının olmaması böyük problemdir. Bizim qanunvericilik Azərbaycan vətəndaşı ilə nikaha daxil olan şəxslərə Azərbaycan vətəndaşlığı verilməsi qaydasını nəzərdə tutmayıb. Halbuki bu, məcburi norma olmalıdır. Əgər şəxs Azərbaycan vətəndaşı ilə evlənibsə ona vətəndaşlıq verilməlidir.

- Qonşu İran öz vətəndaşları ilə ailə quranlara dərhal vətəndaşlıq verir...

- Bəli. Bu yaxınlarda Türkiyə Daxili İşlər Nazirliyi bu ölkənin vətəndaşlığını alanların sayını açıqladı. Son 15 ildə 15 min azərbaycanlı Türkiyə vətəndaşlığı əldə edib. Onların böyük əksəriyyəti ailə birləşməsi
çərçivəsində vətəndaşlıq alanlardır. Amma Azərbaycanda bu proqram mövcud deyil. Bu da vəziyyəti ağırlaşdırır. Məsələn, Əfqanıstan vətəndaşları var ki, azərbaycanlı ilə ailə qurub, Azərbaycanla hüquqi-siyasi bağlılıqları var, Azərbaycan dilini bilirlər, inteqrasiya olunublar, amma onlara da vətəndaşlıq verilmir.

- Məsələ burasındadır ki, çətinliklə də olsa verilən qaçqın statusunun hüquqi qüvvəsi yoxdur. Bu sənədlə hətta telefon nömrəsi belə almaq mümkün deyil...

- Azərbaycan qanunvericiliyində nəzərdə tutulur ki, qaçqınlar şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdır. Ancaq qaçqınlara verilən sənədin nümunəsi hazır deyil.

- Bu artıq neçə illərin problemidir...

- Məsələn, Ermənistanda 110 min Azərbaycandan gedən qaçqın var, onlara vətəndaşlıq verilməyib. Ancaq həmin qaçqınların xaricə getmək üçün də, ölkə daxilində də şəxsiyyətini təsdiqləyən sənədi var. Ciddi, xüsusi cihazla oxunan, PİN kodu olan sənədlərdir. Azərbaycan regionun super dövlətidir, ancaq ərazisində qaçqın kimi tanıdığı şəxslərin şəxsiyyətini təsdiq etmək üçün müvafiq sənəd nümunəsini hələ hazırlamayıb.

- Bir sənədin nümunə hazırlamaq bu qədərmi çətindir? Artıq illərdir ki, bu proses davam edir və həmin vəsiqələrin müddəti 3 aylıq arayışlarla uzadılır...

- Bu suallar Dövlət Miqrasiya Xidmətinə ünvanlanmalıdır. Sənədin nümunəsini Nazirlər Kabineti hazırlamalıdır. Tender keçirməli, qalibi müəyyən etməli və ən yaxşı nümunəni çap etməlidir. Təəssüf ki, bu vaxta qədər bu məsələ də həllini tapmayıb. Dövlət Miqrasiya Xidmətinin yaranmasından 6 il keçir. DMX-nin yaradılması, fəaliyyəti Azərbaycan üçün çox uğurlu addımdır. Bu xidmətin fəaliyyəti kifayət qədər şəffafdır. Bizə hər gün DMX-dən narazı olan onlarla insan müraciət edir. Amma heç biri bu vaxta qədər deməyib ki, DMX-də kimdənsə rüşvət alınır. Amma DMX Azərbaycanda dövlət siyasətini müəyyən edən qurumdur. Miqrasiya ilə bağlı siyasət isə kifayət qədər sərtdir. Hesab edirəm ki, yaxın gələcəkdə bunun sadələşdirilməsi istiqamətində ciddi səylər göstərilməlidir. Vətəndaşlığın verilməsi ciddi problemdir, DMX Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün gətirilən işçilərə münasibəti də dəyişməlidir.

Azərbaycanda əmək miqrasiyası haqqında qanun qəbul edilib. Qanun Azərbaycanın qoşulduğu Beynəlxalq Əmək Təşkilatı Konvensiyalarına demək olar ki, hamısına qoşulub. Azərbaycan öz qanunvericiliyini bu konvensiyalara uyğunlaşdırıb. Problemlər var və təhlil zamanı aydın olur ki, əmək bazarının mühafizəsi ölkəmizdə faktiki olaraq mümkün deyil. Çünki əcnəbi əmək fəaliyyəti ilə məşğul olmaq üçün mütləq Azərbaycana gəlməli və gəldikdən sonra icazə üçün müraciət etməlidir. Bu beynəlxalq sənədlərlə uyğun olmayan normadır. "Turizm haqqında" qanununun birinci maddəsinə görə, turist əmək fəaliyyəti ilə məşğul ola bilməz. Amma bütün əcnəbilər Azərbaycana turist vizası ilə gəlir, işə başlayır və yalnız bundan sonra işəgötürən dövlət qurumuna müvafiq icazə ilə bağlı müraciət edir. Şəxs artıq faktiki olaraq həmin vaxt işləyir. Bu ciddi problemdir. Eyni zamanda əmək bazarının əcnəbilərdən qorunması üçün ciddi problemlərdən biri də dövlət orqanları arasında vəzifə bölgüsünün aparılmamasıdır. Əmək Müfəttişliyinin funksiyaları azaldılaraq tədricən Dövlət Miqrasiya Xidmətinə verilir. Yalnız DMX-nin əməkdaşları əvvəlcədən xəbərdarlıq etmədən istənilən iş yerlərinə daxil olur, bağlayır, miqrantları yığıb gətirir, sonra işəgötürənin cəriməsi haqqında fikirləşirlər. Əmək Müfəttişliyinin əməkdaşları isə bu funksiyanı həyata keçirə bilmirlər. Bu da qanunvericilikdə kifayət qədər aydınlığın olmamasından yaranır. Azərbaycanda QHT-lərin əməkçi miqrantların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərə bilmirlər. QHT-lər hətta qanunsuz miqrantların saxlandığı yerlərə gedərək onlarla görüşə, onların hüquqlarının pozulub-pozulmadığın müəyyənləşdirə bilmirlər.

- Amma Azərbaycan vətəndaşlarını da xaricə əmək miqrantı kimi getdikləri zaman çox ciddi problemlərlə üzləşirlər...

- Bəli, belə problemlər var. Çünki ölkələr arasında ikitərəfli müqavilələr yoxdur. Məsələn, Rusiya ilə Azərbaycan arasında belə müqavilə yoxdur. Rusiyada Azərbaycandan 1,5 milyona yaxın əməkçi miqrant fəaliyyət göstərir, ancaq onların hüquq və azadlıqlarının qorunması ilə bağlı ikitərəfli müqavilə yoxdur. Belə olan halda Rusiyada xüsusilə tikinti sektorunda və ya fəhlə kimi işləməyə gedənlər böyük risk altındadırlar. Onlar bir çox hallarda əməyin istismarının qurbanına çevrilirlər. Rusiyada insan alverinin qurbanına çevrilən bir qrupla bağlı məhkəmə prosesi keçirildi. Məhkəmə istismarçıları 8 il 6 ay müddətinə azadlıqdan məhrum etdi. Bu Azərbaycanda məcburi əməklə bağlı çıxarılan ilk məhkəmə hökmü idi.

Elnarə Əlosmanqızı
AzNews.az