“Gəncə hadisələrini xarici xüsusi xidmət orqanları planlaşdırıb” - Xanlar Vəliyev

26 İyul 2018 14:52 (UTC+04:00)

APA-nın məlumatına görə, bu sözləri Respublika Hərbi Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində çıxış edən hərbi prokuror Xanlar Vəliyev deyib.

X. Vəliyev bildirib ki, prezident İlham Əliyevin qətiyyətli və müdrikliklə atdığı addımların nəticəsində bütün bü təxribatların qarşısı sərt şəkildə alınıb: "Azərbaycan Respublikası Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.3-cü, 214-2-ci, 281.1-ci və digər maddələri ilə başlanmış cinayət işinin istintaqını aparan Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu tərəfindən cinayəti törətmiş şəxslər müəyyənləşdirilib, onlardan bir qismi həbs edilib, axtarışa verilib, digər iştirakçıların da müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Həmin hadisələrin təhlili və istintaqı əminliklə deməyə əsas verir ki, bu, sadəcə özlərini hansısa dini təşkilat adlandıranların deyil, xarici ölkələrin xüsusi xidmət orqanlarının əvvəlcədən planlaşdırdığı və ölkənin daxilində, habelə Azərbaycandan kənarda olan, lakin ölkəmizə düşmən münasibət bəsləyən Azərbaycan vətəndaşlarının həyata keçirməyə cəhd etdikləri cinayətlərdir. Bunlar adi cinayətlər deyil, ölkəmizdə hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının Konstitusiya qurluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönəlmiş hərəkətlərdir. Lakin Azərbaycan Respublikası prezidentinin qətiyyəti və müdrikliyi, habelə hüquq-mühafizə orqanlarının səyi nəticəsində bütün bu təxribatların qarşısı sərt şəkildə alınıb. Həmçinin iyulun 15-də Sumqayıtda radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının Gəncədə baş vermiş hadisələri Sumqayıtda təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş hərəkətlərinin qarşısı hüquq-mühafizə orqanlarının peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində alınıb”.

AzNews.az