Ağac kəsimi qarşıdurmaya səbəb oldu - İşə xüsusi təyinatlılar qarışdı

26 İyul 2018 15:14 (UTC+04:00)

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları kənd sakinlərindən qanunsuz kəsilmiş ağacları müsadirə edib.

Xidmət əməkdaşları yerli sakinlərin müqaviməti ilə üzləşdiyinə görə Daxili İşlər Nazirliyinə (DİN) müraciət olunub. DİN öz növbəsində kəndlərə 200-ə yaxın xüsusi təyinatlı göndərib.

Yerli sakinlər bildiriblər ki, kəndlərdə xüsusi əməliyyat keçirilib və silahlı şəxslər onların evlərinə daxil olaraq qanunsuz kəsilmiş ağacları müsadirə ediblər. Onlar odunun əldə olunmasının kənd sakinləri üçün yeganə gəlir mənbəyi olduğunu deyiblər.

Kənd sakinləri xüsusi təyinatlılara daş ataraq polis kordonunu yarmağa cəhd ediblər. Saxlanılanların olmadığı bildirilir. Kəndlərdə hazırda vəziyyət sakit olsa da, xüsusi təyinatlılar ərazidə qalmaqdadır.

Qeyd edək ki, bu ayın əvvəlində Mestia rayonunda intensiv yağışlar və qaya uçqunu səbəbindən təbii fəlakət yaşanıb. Daşqınlar ən çox Çuberi kəndində ciddi fəsadlar yaradıb. Kəndə aparan körpülər dağılıb, yollar sıradan çıxıb. Güclü sel bir neçə evi uçurub, 20-dən çox evə isə ziyan vurub.

AzNews.az