“Biz monoetnik Ermənistandan fərqli olaraq bütün dünyaya...” - Vüqar Rəhimzadə

26 İyul 2018 15:30 (UTC+04:00)

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan dünyaya tolerantlıq, multikulturalizm nümunəsi kimi təqdim edilir. Ölkəmiz tarixən müxtəlif millətlərin sülh, təhlükəsiz və mehriban şəraitdə yaşadığı məkan olub. Dinindən, irqindən, milliyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı adını daşıyan hər kəsə eyni qayğı, diqqət və münasibət göstərilib. Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də tolerantlıq və multikulturalizmlə bağlıdır. Bu mənada “Jara” musiqi festivalı ilə bağlı sosial şəbəkələrdə aparılan xoşagəlməz müzakirələr ölkəmizin tolerant imicinə mənfi təsir edən amildir.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan bütün vasitələrdən istifadə etmək lazımdır: “Biz Azərbaycanı bütün dünyaya azad, demokratik, inkişaf etmiş dövlət kimi təqdim edirik və qeyd edirik ki, hər kəs gəlib bunu öz gözü ilə görə bilər. Təsadüfi deyil ki, ölkəmizdə mütəmadi olaraq beynəlxalq tədbirlər, idman yarışları keçirilir və Odlar Yurduna ayaq basan xarici qonaqlar baş verən müsbət dəyişiklikləri, inkişafı müşahidə edir, öz heyranlıqlarını gizlədə bilmirlər. Bu mənada Ermənistanda doğulan Rusiya vətəndaşı, milliyyətcə yezidi kürdü olan bir müğənninin ölkəmizə gəlməsi, Azərbaycanla bağlı xoş sözlər söyləməsi ancaq bizim xeyrimizə ola bilər. Qeyd etdiyimiz kimi, bununla biz monoetnik Ermənistandan fərqli olaraq bütün dünyaya tolerant, multikultural ölkə olduğumuzu sübut edirik.”

Vüqar Rəhimzadə əlavə edib ki, bu cür müzakirələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan sülh danışıqlarına da mənfi mənada öz təsirini göstərə bilər: “Biz haqlı və ədalətli olaraq bəyan edirik ki, işğal altında olan torpaqlarımız qaytarılsın, Dağlıq Qarabağa Azərbaycan daxilində muxtariyyət verilsin. Bundan sonra Dağlıq Qarabağda birgə yaşayacaq soydaşlarımız kimi, ermənilər də Azərbaycan vətəndaşı adını daşısınlar. Əgər kimlərsə Ermənistanda doğulan bir müğənninin ölkəmizə gəlməsinə bu qədər sərt etiraz edirsə, onda dediklərimizə kim inanar? Dağlıq Qarabağda yaşayacaq ermənilərin təhlükəsizliyi necə təmin edilər? Hesab edirəm ki, bu cür məsələlərə daha geniş prizmadan baxmaq lazımdır”.

AzNews.az