Zaranı ermənilərdən niyə aralamayaq ki?

26 İyul 2018 18:19 (UTC+04:00)

Doğrusu, Zara nə bir sənətçi, nə də şəxsiyyət olaraq mənim dünyagörüşümə, zövqümə uyğun incəsənət nümayəndəsidir. Ancaq mənim dünyagörüşümə, zövqümə uyğun olmaması onun fanat dairəsinin əhəmiyyətini kiçiltməyə əsas vermir. “Youtube” kanalında hər mahnısını milyonlar izləyir.

Zara Azərbaycana gəlib də “Jara” festivalında çıxış edəcək. Bir neçə gündür ki, sosial şəbəkələrdə bir çoxları haqlı-haqsız müğənninin üstünə düşüb. Olsun! Fikir müxtəlifliyidir və hər kəs düşüncəsini ifadə etməkdə özgürdür. Açığı, Zaranın repertuarında içi mən qarışıq Azərbaycan cəmiyyətini qıcıqlandıran xeyli mahnı da var. Müxtəlif konsertlərdə o, Ermənistanı tərənnüm edib və bu azmış kimi, ermənilərin “qondarma soyqırımı”na da dəstək verib. Torpaqlarının bəlli qismi Ermənistanın işğalı altında olan bir ölkənin vətəndaşlarının bu sayaq bir sənətçinin Azərbaycana gəlişindən qıcıqlanması təbiidir. Ancaq bu təbii qıcığı ksenofobiyaya çevirmək və ya məhz bu şəkildə göstərmək üçün ictimai rəyi süni şəkildə qızışdıranlar da var.

Məsələn, “Azadlıq” qəzetinin Facebook səhifəsində və “Nur-az.com” kimi xaricdən idarə olunan saytlarda nəinki belə cəhdlər olunur, hətta müğənni israrla erməni kimi təqdim edilir. Söhbəti fırladıb o yerə gətirirlər ki, Azərbaycan cəmiyyətinə və hakimiyyətinə qarşı çamur ata bilsinlər.

Zənnimcə, məsələyə iki sualdan çıxış edərək baxmaq lazım.

Birincisi, madam Zara kürddür, onun bütün bioqrafik məlumatlarında məhz belə yazılır, dünya da onu “kürd əsilli Rusiya sənətçisi” kimi qəbul edir, o zaman onu mənşəcə “erməni” kimi təqdim etmək kimə və nəyə lazımdır?

Bəli, bu söhbət məqsədli şəkildə, açıq-aşkar ictimai rəyi manipulyasiya etmək üçün ortaya atıldı. Niyyət Azərbaycanın multikultural və tolerant bir cəmiyyət olmaması haqqında əsassız streotipləri gücləndirmək idi. Başqa sözlə, Zaranı bəhanə edib psixoloji hücüma start verənlər məlum mərkəzlərdir və elə icraçılar da aşağı-yuxarı eynidir.

İkinci və əsas məsələ. Bu günə qədər Zaranın populyarlığından və fanatlarının rəyinə təsir imkanlarından Ermənistan öz məqsədləri üçün istifadə edib. Bir dövlət və cəmiyyət olaraq bizim psixoloji savaşda əsas vəzifəmiz həmin təbliğata dəstək verən qeyri-erməniləri zərərsizləşdirmək, neytrallaşdırmaq deyilmi?

Bir düşünün, məgər Zaranın Azərbaycana gəlişi ilə Silahlı Qüvvələrimizin döyüş tapşırığı dəyişir? Yoxsa Azərbaycan dövləti və cəmiyyəti olaraq torpaqlarımızı azad etmək iddiasından əl çəkirik?

Əlbəttə, nə bir festival olaraq “Jara”nın, nə də bir müğənni olaraq Zaranın Azərbaycanın hərbi-siyasi strategiyasına hər hansı təsir imkanı var.

Ancaq “Ermənistanı tərənnüm etmiş bir müğənni Azərbaycana niyə buraxılır” deyə kimsə səmimi şəkildə sual verirsə, mən öz yanaşmamı konkret deyim: “Bir daha Ermənistanı tərənnüm etməməsi, qondarma soyqırım iddialarına dəstək verməməsi, əvəzində Azərbaycan haqqında müsbət fikirlər səsləndirməsi üçün”!

Bunu anlamaq axı o qədər də çətin olmamalıdır!

Məsələn, Zara Bakını tərk etdikdən bir müddət sonra Müslüm Maqomayevin möhtəşəm ifasındakı “Azərbaycan” bəstəsinə, yaxud mətnində Azərbaycan ideologiyası daşıyan başqa bir əsərə müraciət etsə, bizimmi ovqatımız təlx olar, ya ermənilərin?

Əlbəttə, bu sual sadəcə bir beyin həmləsidir. Yəqin ki, Zaranın gəlişinə bu cür xüsusi öhdəliklər qarşılığında izn verilməyib. Amma bu məsələ həm də diplomatikdir. İstənilən dövlətdə diplomatiyanın əsas işi qarşı tərəfin mövqelərini zəiflətmək, rıçaqlarını əlindən almaqdır. Əminəm ki, Azərbaycan ən azı “xalq diplomatiyası” müstəvisində Zaranın Bakı çıxışından yaxşıca bəhrələnəcək.

Uzun sözün qısası, Zaranın Bakıya gəlişi ən çox Ermənistanın maraqlarına zərbədir.

Taleh Şahsuvarlı,
Aznews.az xəbər portalının Baş redaktoru