Paytaxtda zəncirvari qəza

26 Mart 2013 11:50 (UTC+04:00)
Bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun 7-ci kilometrliyində, Sulutəpə qəsəbəsi ərazisində ağır zəncirvari yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, "Şaqman" markalı iritonnajlı yük maşını Şamaxı istiqamətinə hərəkət edərkən idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb. Yük maşınının sürətlə hərəkət etməsi qəzanın daha da ağırlaşmasına səbəb olub.

Qəza nəticəsində 5-dən çox minik maşını yük maşınının altında qalaraq əzilib. Qəzanın baş verdiyi yol demək olar ki, bağlanıb. Əraziyə yol polisləri, xilasedicilər və təcili yardım həkimləri cəlb olunub. Qəza nəticəsində 10-a yaxın insanın xəsarət aldığı bildirilir. Onlardan 3 nəfərin daha ağır yaralandığı bildirilir.

Hadisənin nə səbəbdən baş verməsinə gəlincə, ilkin ehtimala görə, yük maşınının sürücüsü sükan arxasında yuxulayıb. Faktla bağlı araşdırma aparılır.

AzNews.az