Paşinyan qarabağlılarla üzülüşür - Politoloq

27 İyul 2018 15:47 (UTC+04:00)

Bunu politoloq Elxan Şahinoğlu AzNews.az-a açıqlamasında bildirib. Politoloq əlavə edib ki, Nikol Paşinyan parlament seçkilərinə hazırlaşır. Ona görə də rəqiblərini neytrallaşdırmaq haqqında düşünür. O Serj Sərkisyana elə bir zərbə endirdi ki, eks-prezidentin yenidən siyasətə qayıdışı mümkünsüzdür. Növbə çatıb keçmiş prezident Robert Köçəryana. Paşinyan üçün Köçəryan Sərkisyandan az təhlükəli fiqur deyil. Ermənistan müstəqillik qazandıqdan bu yana bu ölkəni faciəyə sürükləyənlərin başında Robert Köçəryan dayanır. Məhz Köçəryan kimilərin “əməyi” sayəsində Ermənistan Azərbaycan və Türkiyə ilə düşmən oldu. Fikrimcə, Ermənistan siyasətindən Qarabağ klanının ortadan qaldırılmasını Paşinyana keçmiş lideri Levon Ter-Petrosyan məsləhət bilib. Məsləhətin məğzi belədir ki, Qarabağlıların Ermənistan siyasətində at oynatdıqları müddətdə Ermənistanı yaxşı heç nə gözləmir.

Elxan Şahinoğlu qeyd edib ki, Nikol Paşinyan Qarabağlıları ustaca siyasətdən yox etməyə çalışır. Məsələ burasındadır ki, Qarabağ klanının üzvləri Rusiyanın dəstəyinə arxayındırlar. Ancaq Moskva Serj Sərkisyanın istefasına və ətrafının həbsinə reaksiya vermədi, Köçəryanı də hələ ki, dəstəkləmir. Nikol Paşinyan özünə o qədər arxayındır ki, Rusiyanın patronajlığı altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşklatının erməni baş katibi Yuri Xaçaturovu həbs etmək istəyir.

Politoloq sonda bildirib ki, Moskva hələ ki, səssizdir. Çünki, Paşinyan da hələ ki, Rusiyanın maraqları əleyhinə addım atmayıb, Rusiya ilə strateji müttəfqliyə sadiq qalacağını vəd edir. Əgər Köçəryan Moskvadan İrəvana qayıtmasaydı və Rusiya onu İrəvana təhvil verməkdən boyun qaçırsaydı, bu Kremlin Ermənistanın yeni hakimiyyətinə qarşı demarşı olacaqdı. Kreml isə əsasız yerə Paşinyanı narazı salıb onu Qərbin qucağına atmaq istəmir. Beləliklə, Ermənistanda maraqlı siyasi oyun gedir. “Oyunçu aparsın” – deməyə adamın dili gəlmir, çünki bir-birini həbs edən oyunçuların hamısının Azərbaycan torpaqlarının işğalına münasibəti eynidir.