Qabil Hüseyinli ATƏT-in Bakı Ofisinə olan hücumları pislədi

26 Mart 2013 12:14 (UTC+04:00)

"ABŞ-ın Milli Demokratiya İnstituna sərgilənən yanaşmanı eyni ilə ATƏT-in Bakı ofisinə tətbiq etməyə çalışan qüvvələr var. Halbuki bu təşkilatlar arasında ölçüyəgəlməz dərədcədə fərqlər mövcuddur"

Bu fikirləri politoloq Qabil Hüseyinli son bir ayda ATƏT-in Bakı ofisinin fəaliyyətinin məhdudlaşdırılması barədə rəsmi mövqeyi şərh edərkən deyib. Onun sözlərinə görə, əgər ABŞ-ın Milli Demokratiya İnstitutu ölkədaxili siyasi proseslərə açıq şəkildə müdaxilə edirsə, ATƏT-in Bakı ofisi daha çox ölkədə polemika, həmrəylik mühitinin yaranmasına cəhd göstərir:

"Ötən seçkilərdə ATƏT-in Bakı Ofisinin bu polemika mühitini Azərbaycanın müxtəlif siyasi qüvvvələri arasında tətbiq etməsi və bununla əlaqədar olaraq bir sıra görüşlər keçirməsi heç də mənfi effekt vermədi, ictimai şüurda da razılıqla qarşılandı. İndiki məqamda ATƏT-in Bakı ofisinin siyasi proseslərə zərər verə biuləcək fəaliyyətinə də rast gəlməmişik".

ATƏT-lə normal münasibətlərin ən ağrılı problem olan Dağlıq Qarabağ məsələsində müsbət xallar gətirə biləcəyini düşünən Q.Hüseyinli hesab edir ki, seşki ilində siyasi ehtirasların qızışdığı bir dövrdə ATƏT-in Bakı ofisinin tənqid edilməsinin hansı faktlara söykənməsi də müəmmalıdır:

"ATƏT-in Bakı ofisi hələ ki, ictimai əhval-ruhiyyəni qızışdıran hər hansı açıqlama ilə çıxış etməyib. Məncə, biz beynəlxalq qüvvələrin sırf daxili işimizə qarışmalarına imkan verməməklə yanaşı, onları ölkəmizə buraxarkən bəlli bir qarşılıqlı razılaşma əsasında fəaliyyətlərinə imkan yaratmışıq. Həmin təşkilat da bəlli razılaşmaların müddəalarına uyğun hərəkət edirsə, bu məsələlərdə gərginlik yaradılmasına da ehtiyac duyulmur. Zənnimcə, ATƏT-in Bakı ofisinə qarşı sərgilənən bəlli hücumlar o qədər də əsaslandırılmış, Azərbaycanın beynəlxalq imicinə yardım edə biləcək cəhdlər deyil. Hesab edirəm ki, görünür bu məsələdə daha diqqətli seçilmiş diplomatik siyasi xəttə söykənilməsinə zərurət duyulur"

Gültəkin
AzNews.az