İran diplomatı: “ABŞ o qədər ağılsız ola bilməz”

30 İyul 2018 15:10 (UTC+04:00)

APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında “İran ABŞ-la müzakirə aparmaqda qərarlıdır, ya yox?” sualına cavabında deyib.

B. Qasimi bildirib ki, müharibənin baş verəcəyini düşünmür: “ABŞ o qədər ağılsız ola bilməz ki, İran əleyhinə belə bir addım atsın. İran güclü dövlətdir və qorxmaz xalqı var. Bu səbəbdən müharibənin baş verəcəyini düşünmürəm. Amma Trampın düşmənçilik siyasəti davam edəcək. İran özünü buna hazırlayıb. İran xalqı meydandan başıuca çıxacaq və Tramp məcbur olacaq ki, bir gün qayıdıb istəklərini başqa formada dilə gətirsin”.

B. Qasimi ABŞ-ın İranın siyasətini pozmağa çalışmasına da toxunaraq qeyd edib ki, İran nümayəndə heyətləri hara səfər edirsə, ABŞ-dan nümayəndə heyətləri həmin yerə baş çəkir: “ABŞ bu işi çoxdandır edir və bunu ciddi şəkildə həyata keçirir ki, İranın digər ölkələrlə ticarət münasibətlərini korlasın”.

Sözçü prezident Həsən Ruhaninin Səudiyyə Ərəbistan və Bəhreynlə münasibətlərin düzəldilməsi imkanı ilə bağlı çıxışına da münasibət bildirib. Onun sözlərinə görə, prezident İranın ümumi siyasətini açıqlayıb: “Bizim ümumi siyasətimiz budur ki, qonşu ölkələrlə münasibətlərimizi inkişaf etdirək, regionda təhlükəsiz bir mühit yaradaq, vəziyyəti stabilləşdirək, terrorizmlə mübarizə aparaq. Bu, önəmli məsələdir və bunu müxtəlif vaxtlarda demişik. Biz regionda sabitlik və təhlükəsizliyin təmini üçün bütün vasitələrdən istifadə edəcəyik. Ümid edirik ki, başqaları da bu məsələni diqqətdə saxlayacaq”.

AzNews.az