“Bu təhdidlərə qarşı dövlət və xalq olaraq birlikdə mübarizə aparmalıyıq”

30 İyul 2018 16:41 (UTC+04:00)

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. O qeyd edib ki, beynəlxalq hüququn bəzi subyektləri nəinki elan etdikləri prinsiplərə, qoşulduqları konvensiyaların müddəalarına əməl etmir, əksinə, terrorizm, aqressiv separatizm və digər bu kimi insanlıq əleyhinə cinayətlərə ortaq olur, bütün dinlərin, o cümlədən İslam dininin təşviq etdiyi humanizm prinsiplərinin, bəşəri dəyərlərin gözdən salınmasına xidmət edirlər. Kimsəyə sirr deyil ki, bəzi qüvvələr ayrı-ayrı Azərbaycan vətəndaşlarını qanunsuz yollarla əməkdaşlığa cəlb edir, onları qeyri-qanuni hərbi birləşmələrin, terror qruplarının təlim mərkəzlərinə göndərir və ölkəmizə qarşı müxtəlif cinayət əməllərində istifadə etməyə çalışırlar. Maraqlıdır ki, Azərbaycana qarşı həyata keçirilən bu təxribatlarda bir-birinə tamamilə zidd ideoloji müstəvidə formalaşan teokratik və sekulyar rejimlərin təmsilçiləri vahid mövqedən çıxış edir, yayındırıcı manevrlərlə diqqəti hücumların real məqsədindən yayındırmağa çalışırlar.

Müsahibimiz, həmçinin bildirib ki, diqqəti cəlb edən məqamlardan biri də öz sərhədlərindən kənarda terrora, dinin radikallaşmasına və siyasi məqsədlər üçün istifadə edilməsinə qarşı çıxdığını iddia edən bəzi subyektlər öz sərhədləri daxilində başqa bir ölkəyə, indiki halda Azərbaycana qarşı təşkil edilən terror və separatizm ssenarilərinin yazıldığı və icrasına sifariş verildiyi məkana çevrilir. Öz ərazisində baş qaldıran separatizm və terrorizm dalğasına, din pərdəsi arxasında daldalanan radikal qruplara qarşı tanklarla, raketlərlə mübarizə aparan, bütöv kəndləri, şəhərləri bombalayan dövlətlər başqa ölkəyə qarşı oxşar təxribatları həyata keçirən qrupları himayə edir, onlara hər cür imkanlar yaradır, şəbəkələşmələrinə, informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etmələrinə hərtərəfli şərait yaradırlar. Bütün bunlar isə sübuta yetirir ki, təxribatçıların istifadə etdikləri “din”, “Qarabağ məsələsi”, “sosial problemlər” və bu kimi tezislər onlara haqqında danışdığım subyektlərin müvafiq strukturları tərəfindən ötürülüb və Azərbaycana qarşı həyata keçirilən təzyiq kampaniyasının tərkib hissəsidir.

Ekspert qeyd edib ki, əslində “Azərbaycan hökuməti Qarabağı azad etməkdə maraqlı deyil” iddiasını ortaya atanların niyyəti ölkəni qarşıdurmaya aparmaq, gücdən salmaq və təslimçi sülhə sövq etməkdir. Bunun üçün isə onlara Azərbaycanda özlərinin idarə etdiyi, hətta forpostdan da aşağı statusa malik olan oyuncaq dövlət və marionet idarəçilər lazımdır. Onlar Azərbaycanın maraqlarını müdafiə edən, silahlı qüvvələri gücləndirən, ordunu dünyanın müxtəlif ölkələrində istehsal edilən ən müasir silah-sursat, hərbi texnika ilə təchiz edən, ölkənin beynəlxalq əlaqələrini genişləndirən, nüfuzunu artırmaq üçün çalışan, dövlətinin maraqlarını və qürurunu qoruyan dövlət başçısını özlərinə ən böyük təhlükə görürlər.

Ekspert vurğulayıb ki, bu gün Azərbaycanda vicdan azadlığına olan münasibət göz önündədir. Bu istiqamətdə yürüdülən siyasət dövlətin prioritet istiqamətlərindən biridir. Tolerantlıq Azərbaycan xalqının mədəniyyətinin mahiyyətini, dünyagörüşünün fəlsəfi təməlini əks etdirir. Qarabağı Azərbaycandan qoparmağa çalışan dairələr isə bunun əksini, ermənilərlə azərbaycanlıların birgəyaşayışının mümkün olmadığını sübut etməyə çalışırlar. Azərbaycanda dini müstəvidə nifaq toxumu səpilməsinə cəhd də buradan qaynaqlanır. Əleyhdarlarımız müxtəlif vasitələrlə ölkəmizdə qarşıdurma, barışmazlıq mühiti yaratmaq istəyirlər ki, bundan sonra da ermənilərin Azərbaycanda yaşamasının mümkün olmadığını bütün dünyaya körükləyə bilsinlər.

Elçin Mirzəbəylinin fikrincə, bu təxribatların detalları arasında Azərbaycanı dünyadan təcrid etmək, bir, yaxud ortaq mövqedən çıxış edən bir neçə subyektin təsiri altında saxlamaq, ölkəmizin uğurlu enerji siyasətinin qarşısını almaq, dövlətimizin dünyaya açılışını, inkişafını əngəlləmək, asılı vəziyyətə salmaq niyyəti də var. Şübhəsiz, bütün bu amillər sübuta yetirir ki, hədəfdə Azərbaycan dövləti, xalqı və övladlarımızın gələcəyidir. Bütün bu təhdidlər sabitliyimizə, təhlükəsizliyimizə, azad və firavan yaşamaq iradəmizə qarşı yönəlib. Bu təhdidlərə qarşı bu günə qədər olduğu kimi, yenə də dövlət və xalq olaraq birlikdə mübarizə aparmalıyıq.

AzNews.az