Deputat tarif dəyişikliyindən danışdı: “Nəqliyyat infrastrukturu daha da təkmilləşəcək”

31 İyul 2018 12:39 (UTC+04:00)

Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, MDB və region ölkələrində ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərə nəzər saldıqda aydın olur ki, yeni dəyişikliklərdən sonra da Azərbaycanda müvafiq göstəricilər həmin ölkələrlə müqayisədə aşağı olacaq: “Statistik göstəricilərə nəzər yetirdikdə məlum olur ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir”.

Hazırda dünya ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiymətinin ən aşağı səviyyədə olduğunu deyən millət vəkilinin sözlərinə görə, 10 ilə yaxındır ki, ölkəmizdə nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalır: “Lakin bu müddət ərzində nəqliyyat infrastruktrunun yenidən qurulması istiqamətində əsaslı tədbirlər həyata keçirilib. Yəni ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən və əsaslı şəkildə qurulub”.

AzNews.az