“Bu, xidmətin səviyyəsinin daha da yüksəlməsinə müsbət təsir göstərəcək” - Vüqar Rəhimzadə

31 İyul 2018 14:57 (UTC+04:00)

Bu fikirləri AzNews.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Tarif Şurasının Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qəbul etdiyi qərar bu sahədə insanlara göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə öz müsbət təsirini göstərəcək: “Nəzərə almaq lazımdır ki, xarici ölkələrlə müqayisədə Azərbaycanda metro və ictimai nəqliyyatda gediş haqqının qiyməti çox aşağıdır. Son olaraq 2007-ci ildə sərnişindaşımada, 2011-ci ildə isə metroda xidmətin tarifi təsdiq edilib. Ötən bu illər ərzində isə hər iki sahədə böyük yenidənqurma işləri aparılıb, xidmətin keyfiyyəti müasir standartlar səviyyəsinə qaldırılıb.”

“İki sahil” qəzetinin baş redaktoru metro və ictimai nəqliyyatda gediş haqqı ilə bağlı bəzi statistik rəqəmləri diqqətə çatdırıb: “Metro və sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat təşkil edir. Göründüyü kimi, yeni tarif dəyişikliyindən sonra da ölkəmizdəki tariflər əksər MDB ölkələri ilə müqayisədə az olacaq”.

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcək.