“Küknart” brendinin yaradıcısı: “Mən 100 manatla başladım”

1 Avqust 2018 15:37 (UTC+04:00)

Öz brendini yaratmaq, öz işini qurmaq demək olar hər kəsin arzusudur. Bu arzunu reala çevirmək isə bir az zəhmətlidir.

Aznews.az öz “Küknart” brendini yaradan Əminə Məmmədova ilə müsahibəsini təqdim edir. Qeyd edək ki, “Küknart” ağac üzərində oyma işləri aparan şirkətdir.

- Niyə “Küknart” adını seçdiz?
- Əslində ad qoymaq çox çətin işdir. Deyərdim ki, ən çox vaxtımı alan proses idi. Çox ad var idi beynimdə. Məlum məsələ idi ki, məmulat taxtadan idi və bu konsepsiyada ad qoymaq lazım idi. Bir çox insanla məsləhətləşdim. Onlarda tövsiyə edirdilər ki, yaxşı araşdırım hətta dünyanın hər hansı bir yerində o adda nəsə varsa , məni məhkəməyə verə bilərlər. Məqsədim də bu işi böyütmək olduğundan həqiqətən ad seçimi çətin idi. Bu mövzuda ikinci çətinliyim isə məqsədimlə əlaqəli idi. Yerli bir brend yaratmaq istədiyirdim və brendləşmədə yerlilik prinsipi üzərində qurula bilərdi. Yerli məhsulun yerli adı olmalı idi. Ən son qərarım isə “Küknar” oldu və sonuna “art” sözünü əlavə etdik devizimizi də ona uyğunlaşdıraraq “incə sənəti sevənlər üçün” qoyduq.

- Neçə ildir bu brend var?
- Bir ilimiz olmayıb hələ, aprelin 1- i satışa başladıq.Ümumiyyətlə bizdə belə biznes təşəbbüsləri azdır deyə diqqət tez çəkdik. Əminəm ki avropada hətta Türkiyədə belə diqqət çəkməzdik. Universitet də çox dəstək gördüm müəllimlərimdən hətta universitetimizin saytında mənim haqqımda məqalə yazıldı. Amma dəstək olmayanlarda oldu. Bilmirəm bu müsahibəni kimlər oxuyacaq amma insanlara demək istədiyim bəzi sözlər var. Gənclərin, tələbələrin dəstəyə ehtiyacı var. Mən sadəcə 100 manatla başladım. Reklama pulum çatmırdı. Ən yaxın qohumlarım belə hədiyyə ver, paylaşım deyirdi. Sıradan profillər “yox mən kimisə paylaşmıram” deyirdi. Axı niyə? Kimin cibindən paylaşdığı zaman 1 qəpik gedir? Amma biz hədiyyə verəndə 100 manatlıq büdcədən 20 manat gedir. İsraili İsrail edən yəhudi xalqının birliyi və dəstəyi idi. Gənclərə dəstək olun. Bizə qalan biz olacağıq.

- Bütün işləri tək həll edirsiniz ya komanda ilə? Çətin deyilmi?
- Yox bütün işləri tək mən görmürəm. İlk vaxtlarda bütün işləri özüm görsəm də, artıq bir komandamız var. Çətindir amma zövqlüdür. Əlimiz biraz kobud, kiçik yanıq yaraları və ya kəsikli olur amma zamanla o da azalır. Ümumiyyətlə çətinlik sözünü sevmirəm. Hər iş çətindir. Dilənçilərin belə işi ağırdır qarda, boranda ayaq yalın otururlar asfaltda.

- Bu sahəyə maraq hardan yarandı və necə öyrəndiniz?
- Uşaq vaxtı atam taxtadan oyuncaq almışdı mənə. Böyüdüm və öz oyuncaqlarımı çoxaltmaq istədim. Yox əlbəttə ki, belə olmayıb həmişə də belə surreal cavabları eşidəndə gülürəm. Biznes bir işdir. Bu aləmdə pul qazana bilmək üçün gözəl xəyallar qurmaq lazımdır. Bir neçə il hər birində 2-3 ay olmaqla satıcı, anket paylamaq, kuriyer, barista, promouter, smm tərcüməçi al verçi kimi işlərdə işlədim. Pulumu qazıb çıxırdım. Sonda qərar verdim ki, mən də başlayım ad-sanı olan bir işə. Vintage,retro sevən olduğumdan özüm kimilərin alacağını düşündüyümə görə əlimə keçən taxtaları köhnə üslubda rəngləyib əşyalar hazırlayaq satmağa başladım.

- Xammalı hardan əldə edirsiniz?
- Xammalın bir qismini yerli bazardan, bir qismini isə Avstriyadan sifarişlə gətirdirik. Xüsusi ağaclar var ki, onları yalnız Avstriyadan əldə etmək mümkündür.

- Yerli bazarda rəqibləriniz varmı?
- Yerli bazarda rəqiblərimiz fantastik dərəcə çoxdur. Ən çox tələbat da döşəmə diktinin lazer ilə istənilən formada kəsiminədir ki, mən özüm elə bir məhsula pul verməzdim deyə , hazırlamıram. Empatiya qururam, mən olsam bunu alardımmı? Hətta istəyən olanda rəqiblərimi etiketləyib o səhifələrə yaza bilərsiniz deyirəm . Yəqin ki, müştərilərimiz də bizim səmimiliyimizdən razıdır.

- Mallara təlabat varmı?
- Əlbəttə ki var. Vintage taxtalar çox dəbdədir. Həm də biz tələbələrə endirimlər edirik. Bu təbii ki, marketinq siyasətidir. Amma qazanan həm alıcıdır, həm də satıcı.

Nigar CƏFƏR
Aznews.az