BTC ilə nə qədər xam neft ixrac edilib?

1 Avqust 2018 21:31 (UTC+04:00)

“BP Azerbaijan” şirkətindən AzNews-a verilən məlumata görə, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan 2018-ci ilin birinci yarısının sonunadək BTC ilə ümumilikdə 399 milyon tondan çox (təxminən 2,99 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 3 min 916 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Birinci yarımillikdə BTC üzrə əməliyyat xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə 13 milyon dollar sərf edilib.

“BTC Ko.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (Statoil) (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).