Amma bunlar daha çox ziyalılar və bir də müxtəlif ictimai fəallar olub. Siyasətdə isə hələki bir presedent məlumdur–bu da Ermənistanın keçmiş prezidenti L.Ter-Petrosyandır. Yalnız bu adam vaxtaşırı olaraq Dağlıq Qarabağ problemi ilə bağlı realist və praqmatik fikirlərlə gündəmə gəlir.
Bu günlərdə isə Ermənistanın Milli Konqresindən bu müstəvidə daha bir cəhd oldu – təşkilatın bir qadın təmsilçisi ölkəsini Qarabağın işğalına son qoymağa çağırdı. Düşünürük ki, bu, növbəti təsadüf və yaxud fluktasiya deyildi, güman ki, L.Ter -Petrosyanın təşkilatı cəmiyyətə daha bir mesaj göndərməyə və buna sosial reaksiyanı öyrənməyə çalışır.
Belə mesajlar təbii ki, yalnız sosial bir məzmun kəsb etmir. Onların indiki hakimiyyətə və xüsusən baş nazir N.Paşinyana da təsiri istisnasız deyil. Səhv etmiriksə, iyulun əvvəllərində Petrosyanla Paşinyan arasında görüş də olmuşdu.
Ümumiyyətlə, bu iki siyasətçinin arasında ciddi yaş fərqləri olsa da, onların siyasi trayektoriyaları bir neçə dəfə kəsişibdir. Həm də inqilabın ilk günlərində pərdəarxası lderlərdən birinin L.Ter-Petrosyan olduğu deyilirdi.
Düzdür, “məxməri inqilab”dan üç ay keçməsinə baxmayaraq bunun dəqiqliyilə bağlı yəqinlik hasil olmayıb, amma bir az əvvəl qeyd etdiyimiz görüş və N.Paşinyanın belə təmasların davam edəcəyilə bağlı bəyanatı ümid etməyə əsas verir ki, baş nazirin kontakt yaradacağı siyasi qurumlardan biri də Ermənistanın Milli Konqresi olacaq.
Hazırda Ermənistanda ciddi proseslər gedir. Motivlərindən asılı olmayaraq kriminal Dağlıq Qarabağ siyasi klanına qarşı hüquqi təqiblərə başlanılması bütün hallarda müsbət prosesdir. Bu, təkcə iki siyasi cinah arasındakı savaş deyil, həm də elitalar arasındakı mübarizədir.
Əyalət mənşəli Qarabağ klanı mərkəzi Ermənistan elitasını ölkə həyatının bütün sferalarında sıxışdırmışdı. Ayıdn məsələ idi ki, əbədi olaraq belə davam edə bilməz, mütləq toqquşma olacaq və bu toqquşma artıq başlayıbdır.
Hakim Respublika partiyası əvvəl öz hayına qalmışdı, amma indi görürlər ki, məsələ ciddi xarakter alır və elə bu səəbdən də Koçaryanın müdafiəsinə qalxıblar.
Rusiya da əvvəl məsələyə nisbi təmkinlə yanaşırdı, amma sonradan gördülər ki, proses ciddi bir xarakter alır, çünki “Qarabağ qəhrəmanları”nın canilər kimi müttəhimlər skamyasında oturdulması insanlar arasında cəmi Dağlıq Qarabağ prosesinə neqativ və ya təftişçi münasibət yarada bilər, Kreml isə buu istəmir, çünki ona “milli azadlıq” savaşı aparan Qarabağ hələ çox lazımdır. Elə bu səbəbdən də artıq nazir səviyyəsində - S.Lavrovun özü məsələyə münasibət bildirib və Paşinyanı mitinqlər zamanı verdiyi vədləri unutmamağa çağırıb. Paşinyan isə onda demişdi ki, heç kim siyasi təqiblərə məruz qalmayacaq...
İndi görək, məsələ necə çözülür. Paşinyan geri çəkilərsə və Kremlin hədəsilə razılaşarsa, bu o demək olacaqdır ki, hansısa dəyişikliyə ümid etməyə dəyməz. Yox, əgər hüquqi təhqiqatlar, kriminal Qarabağ klanını sıxışdırmağa yönəlik siyasət davam edərsə, o, halda nəyəsə ümid etmək olar.
O ki qaldı Azərbaycanın siyasətinə, elə dünən prezident bildirdi ki, Ermənistanın təcrid edilməsi siyasəti davam edəcək. Düşünürük ki, bu, doğrudan da ən effektli yoldur. Dağlıq Qarabağ klanı bu illər ərzində tək münaqişənin həllilə bağlı danışıqlar prosesini deyil, bütövlükdə ölkəni – Ermənistanı dalana gətirib çıxarıb.
Paşinyan bunu başa düşsə və siyasəti dəyişməyə, region dövlətlərilə - Türkiyə və Azərbaycanla yeni münasibətlər qurmağa çalışsa, problemlər tədricən həllini tapacaq. Yox, əgər başa düşməsə, o halda Ermənistanın vəziyyəti daha da ağır duruma gələcək.
Əlbəttə ki, heç biz də bunu istəmirik. Elə ona görə də N.Paşinyana L.Ter-Petrosyanla daha tez-tez görüşməyi tövsiyyə edərdik, çünki eks-prezident hazırda Ermənistanda ən realist düşüncəli siyasət adamıdır və burada Paşinyan üçün də ibrətamiz detal var.
Ter-Petrosyan da vaxtında kütlənin ovqatından və Kremlin ssenarilərindən kənara çıxmağa çalışmadı. Amma sonradan gördü ki, bu siyasət onun ölkəsini uçuruma aparır və ona görə də ondan dönməyə çalışdı. İndi Paşinyan da eyni dilemma qarşısındadır. O kimi və nəyi seçəcək? Təəssüf ki, hələ bu sualı cavablandırmaq mümkün deyil. Hələ Ermənistanda heç hakimiyyət məsələsi də tam həll olmayıb. Həll olunar, onda baxarıq...
Hüseynbala Səlimov
AzNews.az