Professorla müsahibəni təqdim edirik.
– Nəsir müəllim, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsinin önəmi nədir?
– Bu, çox vacib bir məsələdir. Dil millətin simasını səciyyələndirən amillərdən birincisidir. O, hər bir millətin varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup 193 dövlətin bayrağı altında cəmləşib və bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 106-ya bərabərdir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Çox şükür ki, həmin 106 dövlət dilindən biri də bizim dilimizdir. Belə bir Günün təsis edilməsi ictimaiyyətin və müvafiq qurumların diqqətini dövlət dilinin qorunmasının, inkişafının vacibliyinə yönəltməkdir.
– Çox yerdə – xəstəxanalarda, şirkətlərdə, mağazalarda bəzi vətəndaşlarımız rus dilində danışır. Bunun səbəbi nədir?
– Bunun bir neçə səbəbi var. Birincisi budur ki, biz rus dili mühitindən hələ tam ayrılmamıçıq. Vaxtilə rus bölməsində oxumuş və rus dilindən fəal istifadə edən vətəndaşlar və bütöv ailələr var. İndinin özündə də təhsil rus dilində olan xeyli məktəblərimizfəaliyyət göstərir. İkinci səbəb budur ki, bəzi insanlar rus dilində danışmağı özlərinə şərəf bilirlər, bu dildə danışmağa savadlılıq, aristokratlıq əlaməti kimi baxırlar.
– Ötən il dilimizin lüğət tərkibinə yeni sözlər daxil edildi və bu sözlərin bəziləri cəmiyyətdə gülüş doğurdu. Bu nədən irəli gəlir? Dilçi alimlərin qeyri-peşəkarlığından, yoxsa başqa bir səbəbdən?
– Dilimizdə xeyli alınma söz var. Bu, tam normal haldır. Bəzən bu prosesə hədsiz pis münasibət duyulur, lakin milli-professional jurnalistikamızın banisi Həsən bəy Zərdabinin yazdığı kimi, "dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı, qeyri tayfalarla gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişildi, təzə sözlərm qədri günü-gündən artacaqdır. Belə sözlərin artmağının dilə zərəri yoxdur, xeyiri var, çünki o sözlər tərəqqi etməyə səbəb olur".
Rus və ingilis dillərinin təcrübəsi göstərir ki, başqa dillərdən söz almaqla hətta müstəqil milli dil də yaratmaq mümkündür. Rus dilinin alınma sözlərin heç də hamısını əhatə etməyən, daha çox qədim yunan və latın dillərindən əxz olunmuş “Əcnəbi sözlər lüğəti”ndə 20 minə yaxın söz var. Bu gün Azərbaycan türkcəsində işlənən, çoxumuzun rus sözləri kimi tanıdığımız alınmaların da əksəriyyəti rus dili vasitəsilə Qərbi Avropa dillərindən gəlib. İngilis dilindəki sözlərin yalnız 26 faizi onun daxil olduğu german dil qrupuna aiddir, qalanları isə latın (29 %), fransız (29 %), yunan (6 %), Norveç (4 %) və başqa naməlum dillərdən (6 %) alınmışdır.
Bu baxımdan Azərbaycan türkcəsi əsasən öz kökü üstündə dayanıb inkişaf edən azsaylı dillərdən biridir. Feillərin, sayların, bizi əhatə edən təbii əşya, hadisə, bədən üzvləri adlarının və s., demək olar, hamısı öz sözlərimizdir. Bununla belə, ərəb, fars, Avropa dillərindən alınmalarımız da az deyil. Dilimizdə sözalma prosesi olub, var və olacaq. Məsələ burasındadır ki, əcnəbi sözlər, bir qayda olaraq, əcnəbi əşyalarla (proseslərlə) birlikdə alınır və onlara qurama "milli" adlar vermək cəhdi də çox vaxt uğursuzluqla nəticələnir, həmin sözlərə yalnız bir qrup ziyalının nitqində rast gəlirik. Təkcə onlar xolodilnikə soyuducu, ruçkaya qələm deyirlər. XX əsrin 70-ci illərində Yaponiyanın Hitaşi firmasının lisenziyası əsasında Bakıda Məişət Kondisionerləri Zavodu tikildi. O zaman kondisioner (latınca: normaya salan, müəyyən vəziyyətə gətirən) bizim üçün yeni söz idi. Onu sərinkeş adlandırdıq, lakin bir çox başqa terminlər kimi üç səbəbdən onun da ömrü gödək oldu: 1) Həmin əşyanın özü bizə yad idi (traktor kimi, parovoz kimi); 2) Söz dilimizin qanunları əsasında yaradılmamışdı: -keş leksik şəkilçisi isimə artırılaraq ona çəkən anlamını verir (zəhmətkeş – zəhmət çəkən; xətkeş – xətt çəkən; cəfakeş – cəfa çəkən…). Sərin sözü isə sifətdir; 3) Sonralar məlum oldu ki, kondisioner təkcə sərinlik yox, həm də istilik verə bilir. Demək istədiyim budur ki, ucdantutma bütün sözləri “milliləşdirmək” həmişə faydalı olmur.
– Paytaxtda və bölgələrdə yerləşən bəzi restoranların, mağazaların adları xarici dillərdən götürülmüş sözlərdir.Halbuki həmin sözlərin dilimizdə ekvivalenti var. Bu özümüzün ana dilimizə ögey münasibəti deyilmi?
– Bu, təkcə ögey münasibət yox, həm də dövlət dili haqqında qanunun pozulmasıdır. Orada deyilir: “7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”.
– Son illər Azərbaycan dili kitablarındakı vəziyyət sizi qane edir?
– Bizim çox güclü dilçilərimiz və onların gözəl dərslikləri var, lakin bu fənni məktəblərimizdə lazımi səviyyədə tədris edən müəllimlərimiz azdır. Başqa fənlərlə bağlı dərsliklərimizin dili isə məni qətiyyən qane etmir. Xüsusən tərcümə olunmuş kitabların dli bərbad vəziyyətdədir.
– Dilimizlə bağlı olan bu problemlərin həlli necə mümkündür və hansı işlər görülməlidir?
– Dillə bağlı dövlət sənədlərinin tələblərinə əməl edilməsinə ciddi nəzarət lazımdır. Hər bir müəssisədə Azərbaycan dili mütəxəssisləri və üslubiyyatçılar olmalıdır.
Səidə NURMƏMMƏDLİ
Aznews.az