Yanacaqdoldurma məntəqəsinə silahlı hücum edənlərin məhkəməsi başladı

2 Avqust 2018 11:54 (UTC+04:00)

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası avqustun 6-na təyin edilib.

İttihama görə, bu il aprelin 16-da, gecə saat 03 radələrində Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki maskalı şəxs orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan 867 manat pul alaraq hadisə yerini tərk edib.

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Həsən Mansurov və əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov saxlanılıblar.

Onlardan birinin yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapança və maska aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən Həsən Mansurov və Bəxtiyar Camalovun barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

AzNews.az